İsmayıllının işdən çıxarılan prokuroru həbs edildi
Ölçü:


İsmayıllı rayonunun işdən çıxarılan prokuroru Ülvi Abbasov həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, məhkəmə Ülvi Abbasov barəsində həbs qətiimkan tədbiri seçib.

Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib. 
27.07.2018 13:23:00
Oxuma sayı: 604