İki ömür, iki ölüm...
Ölçü:



Kənddə sanki işıq parladı. O, Başlıbel kənd Həkim abbulatoriyasına  gələnə qədər ağır xəstələrimizi təxminən 20 kilometr məsafədə yerləşən Əsrik xəstəxanasına aparırdıq. Ambulatoriya kəndin "Yuxarı oba" məhəlləsinə, Doktor Nabatın evinin zirzəmisində yerləşirdi. Üç tibb qardaşı (Rafiq Ağayev, Adil Məmmədov və Ələsgər Məmmədov) və bir tibb bacısı (Qəmər Əşrəfova) çalışırdı. Əbülfət Rzayevin evi isə kəndin lap aşağısında, "Aşağı oba" məhəlləsində yerləşirdi.

Əbülfət həkimə müraciətlər ambulatoriyada deyil, əsasən evlərə çağrılırdı. Heç bir nəqliyyatın olmadığı halda bütün çağrışlara vaxtında gəlir, yardım edirdi...

Yaxşı yadımdadlr, bir də görürdün qaranəfəs harasa tələsir. Qara rəngli balaca əl çantası da əlində. Kənddə telefon olduğu üçün evinə zəng vururdular, günün hansı saatı olsa da, işi başından aşsa da, heç kəsə "yox" demirdi. Nəqədər uzaqda olsa da, özünü çağırış gələn xəstənin üzərinə çatdırırdı...

Əbülfət həkim ixtisasca terapevt olsa da, tibbin bütün sahələrini bilirdi. Onun qoyduğu xəstəlik diaqnozu hər yerdə öz təsdiqini tapırdı.

Anam Şamama xanım tez-tez xəstələnərdi. Müalicə üçün gah Əsrik xəstəxanasına, gah da Kəlbəcər xəstəxanasına gedərdi. Ancaq müalicəsini başa vurub kəndə qayıdandan bir müddət sonra xəstəliyi yenidən təkrarlanırdı. Əbülfət həkim "Şamma bacı, bura dəniz səviyyəsindən yüksək olduğu üçün havasın götürmürsən" deyə, məsləhət görürdü ki, tez-tez Bakıdakı övladlarının yanına getsin. Bakıdakı xəstəxanalarda professorların apardığı müayinələr Əbülfət həkimin Başlıbeldə qoyduğu diaqnozu təsdiqləmişdi...

Əbülfət həkimin müsbət keyfiyyətləri çox idi. O, heç vaxt xəstə sahibindən təmənna ummazdı. Sadəcə, dövlətin verdiyi maaşa qane olurdu, halallıqla yaşayırdı.

Başlıbel kənd orta məktəbini bitirib Tibb İnstitutunda ali təhsil almaq arzusunda olan gənclərin hamısı Əbülfət həkimdən bu peşəyə sevgi, hörmət və ehtiram görmüşdü. Onun şəxsi nümunəsi gənclərdə həkimlik peşəsinə qarşı sevgi yaratmışdı. Kəndimizin ilk ali təhsilli  həkimi idi. Kəndə gələndən sonra çox az xəstə rayon və ya Bakı xəstəxanalarına gedərdi. Əksinə, Əbülfət həkim Xallanlı, Çovdar, Şahkərəm, Alırzalar və digər qonşu kəndlərdən olan xəstələrin cağırışlarına da gedirdi. Sərt təbiətli Dəlidağın qar-boranı da onu qorxutmurdu, istənilən hava şəraitində, gecə-gündüz insanların sağlamlığının qayğısına qalırdı...

Kəlbəcər rayonu işğal olunduqdan sonra Əbülfət həkim məcburi köçkün kimi iş tapmaq imkanları geniş, həyat şəraiti yüksək olan paytaxt Bakını deyil, əyalət Bərdə rayonunu məskunlaşmaq üçün daha üstün tutmuşdu. Həm də ona görə ki, doğma yurdunu itirərək məcburi köçkün həyatı yaşamağa düçar olmuş Kəlbəcər və Başlıbel camaatının əksəriyyəti Bərdədə məskunlaşmışdı. "Çətin günlərdə camaatımın yanında olum, ona köməyim dəysin" düşüncəsi onu paytaxtda məskunlaşmaqdan çəkindirirdi. Həm də Mahir (Sabir Mirzəyev) həkim  Bakıda yaşayırdı, paytaxtda məskunlaşan başlıbellilər onun köməyinə, dəstəyinə bel bağlaya bilərdilər. Mahirin Bakıda məskunlaşan başlıbellilər üçün ümid yeri olduğunu bilirdi...

Mərkəz Bakını deyil, əyalət Bərdəni seçən Əbülfət həkimin camaata çox köməyi dəyirdi. Çətin sosial-iqtisadi şəraitdə, ümidsizliyin, ruh düşkünlüyünün hər an hiss edildiyi mühitdə yoxsullaşmış həmkəndlilərinə dəstəyini əsirgəmirdi. Bərdənin Türkmən kəndində məskunlaşdığı sığınacaqda yanına gələn xəstələri qəbul ertmək, onların ağrı-acısına əlac tapmaq üçün kiçik bir otaq da düzəltmişdi.

Həmkarı və həmkəndlisi Mahir həkim ondan cəmi 5 ay əvvə dünyasını dəyişdi. Amansız ölüm el-obasının, camaatının dərdinə dərman tapan Mahiri də qəfildən yaxalamışdı. Bu il fevralın 13-də gecə yatdığı yerdə...

Əbülfət həkim isə hər şeyi əvvəlcədən bilirdi. Dərdinə əlac tapıla bilməyəcəyini anlayırdı. Çarəsiz idi, ölümünü gözləyirdi. Səssizcə! Bütün varlığı ilə bağlandığı el-obasının ümid yeri olduğunu bilirdi, camaatın ümidini qırmaq istəmirdi...

Cəmi 5 aydan sonra, iyulun 16-da həmkəndlisi, həmkarı və məsləkdaşı Mahirlə yenidən qovuşdular. Ruhları sevinirdi, ölümləri ilə yurdsuz-yuvasız insanların ümid qapıları bağlansa da...

Başlıbeldən uzaqda neçə-neçə qərib məzarlarımız var ki, özünüz kimi doğma yurda qayıtmaq istəyir. Onların ruhları sahibsiz qalan kəndimizin səmasından boylanır. Onların ruhu, bizim isə ümidsiz xəyallarımız xaraba qalmış yurdlarımızda dolaşır...

Bəlkə ruhlarımızla orada görüşdük...