Kəlbəcərdə 8 körpəni faciəvi ölümündən bəhs edən film nümayiş olundu - FOTOLAR
Ölçü:


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Nizami” Kino Mərkəzində “Şəhid Fidanlar” filminin təqdimat mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, tədbiri girş sözü ilə açan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakşıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. O, bildirib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə çəkilmiş “Şəhid Fidanlar” filmi Kəlbəcərin ilk şəhidlərindən – 7-14 yaşlı uşaqlardan bəhs edir. 1989-cu ilin 14 iyulunda erməni millətçiləri və onların havadarları Kəlbəcər əhalisini qorxutmaq, əhali arasında çaşqınlıq yaratmaq məqsədilə qanlı cinayət törətmiş, rayon mərkəzindəki stadionunda 8 körpəni helikopterin pəri ilə doğrayaraq qanlarına qəltan edib. Hadisə zamanı 7-14 yaşlı 8 kəlbəcərli uşaq -   Anar Qardaşxan oğlu Valehov, Azər Zakir oğlu Orucov, Cahid Telman oğlu İbişov, Bəxtiyar Rəhim oğlu Xəlilov, Natiq Məhəmməd oğlu Əsgərov, Razim Tofiq oğlu Salmanov, Sahib Sultan oğlu Məmmədov və Səxavət Dəmir oğlu Əsgərov faciəvi surətdə həlak olmuşlar.

Həbib Misirov vurğulayıb ki, ölkənin o zamankı rəhbərliyinin hadisəyə biganəliyi, bu qanlı hadisəni törədənlərin cəzalandırılmaması digər faciələrə gətirib çıxarıb və 1992-ci ilin 8 aprelində daha böyük faciə - Ağdaban soyqırımı baş verib: "Bu soyqırım nəticəsində onlarla dinc Ağdaban sakini, o cümlədən Dədə Şəmşir nəslindən 15-ə yaxın ağdabanlı şəhid oldu. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqımızın başına gətirilən digər faciələrlə yanaşı, Ağdaban soyqırımına da dövlət səviyyəsində qiymət verildi".

Sədr müavini deyib ki, Ulu öndərin hakimiyyətə gəlməsindən sonra öz dədə-baba yurdlarından didərgin düşən qaçqın və məcburi köçkünlər, o cümlədən kəlbəcərlilər dövlətin hərtərəfli qayğısı ilə təmin olunublar: "Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də bu siyasət uğurla davam etdirildi, bu gün qaçqın və məcburi köçkünlər, eyni zamanda kəlbəcərlilər hər an dövlətin qayğısını öz üzərlərində hiss edirlər. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün Bakı şəhərində, Gəncə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrdə müasir qəsəbələr salınıb, müasir tələblərə cavab verən məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilib".

 Çıxışının sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Milli Qəhrəmanların, şəhidlərin anım günü, onların həyatının, döyüş yolunun gənc nəsil arasında təbliği ilə bağlı silsilə tədbirlər həyata keçirdiyini qeyd edən Həbib Misirov bildirib ki, belə tədbirlər bundan sonra da həyata keçiriləcək.

Sonra “Fidan Şəhidlər” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra tədbirdə iştirak edən ziyalılar çıxış edərək bu cür filmlərin çəkilməsinin xüsusi əhəmiyətindən bəhs ediblər və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin bu sahədə fəaliyyətini yüksək qiymətləndiriblər.
16.07.2018 15:33:00
Oxuma sayı: 8406