Elçin Mirzəbəyli: "Siyasətçi yalan danışanda da..." - MÜSAHİBƏ
Ölçü:


Koordinat.az “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəylinin tanınmış yazar Kəramət Böyükçölə müsahibəni oxuculara təqdim edir:

– Elçin bəy, siz Lənkəranda doğulmusunuz?
– Bəli...

– Uşaqlığınız oralarda keçib?
– Bəli, 16-17 yaşıma kimi Lənkəranda olmuşam...

– Onda şeir yazırdınız?
– Əlbəttə...

– Maraqlıdır, tərcümeyi-halınızda birinci şair hesab olunursunuz, yoxsa siyasətçi?
– Mənim siyasi kimliyimlə ədəbi kimliyimin bir-birilə heç bir əlaqəsi yoxdur. Hərəsinin öz yeri var. Şairlik Allahın verdiyi bir istedaddır. Yəni mənim peşəm deyil. Yəni mən şair işləmirəm. Və həyatımı da şeir yazmaqla təmin etmirəm.

– Şeirdə iddianız yoxdur?
– Düzü, şeirdə elə bir iddam da yoxdur. Sadəcə, çox erkən yaşlarımdan yazıram. Çox da erkən yaşlarımdan çap olunuram, oxuyanlar da var, oxumayanlar da...

– Dediniz ki, şeirdə iddiam yoxdur. Amma çoxlu kitablarınız çap olunub. Bu qədər kitab iddia deyilmi?
– Mən şairliyə nə iddia etməliyəm ki? Bir şey ki, Allah tərəfindən verilib və yaranışdan səndə var. Və sən bu istedaddan istifadə edərək öz düşüncəni, fikirlərini, yaşantılarını dilə gətirirsən. İnsanlar isə bunu oxuyur. Və yaxud, oxumur. Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm. Sadəcə, bayaq da dedim ki, şairlik mənim peşəm, həyatımı təmin eləyən bir istiqamət, sahə deyil. Əgər mən ədəbiyyatla öz gəlirimi təmin etsəydim, buna peşə kimi yanaşsaydım, şübhəsiz ki, bu məsələlərdə iddialı şəkildə çıxış edərdim. Amma mən şeirdən heç bir gəlir əldə etmirəm. Gəlir əldə etmədiyim, maddi baxımdan qazanmadığım bir sahəni isə özümə peşə hesab eləyə bilmərəm. Təbii ki, şeirdən mənəvi cəhətdən böyük gəlir əldə eləyirəm. Bu da yaşamaq üçün mənə stimul verir.

– Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Axı heç siyasət, jurnalistika da sizin peşəniz deyil.
– Əslində, ixtisasla peşəni səhv salmaq lazım deyil. Bəli, siyasət mənim rəsmi olaraq ixtisasım deyil. Amma bir insan bir sahə ilə beş ildən artıq peşəkarcasına məşğul olursa, bu, onun peşəsi olduğunu sübuta yetirir. Mən artıq 20 ildir ki, siyasətlə məşğulam. Bundan daha uzun vaxtdır ki, jurnalistikadayam. Azərbaycanda kifayət qədər tanınmış baş redaktorlar, media başqanları var ki, peşələri jurnalistika deyil. Və yaxud, Azərbaycan siyasətində o qədər adamlar var ki, onlar politologiyanı oxumayıblar. Diqqət yetirsək, dünya liderlərinin də müxtəlif ixtisaslarının olduğunu görərik. Məsələn, Reyqan ixtisasca siyasətçi deyildi, aktyor idi. Zamanında bir xeyli filmə də çəkilib. İndi deyə bilərikmi Reyqan prezident deyildi, aktyor idi? Bu baxımdan siyasətə ixtisas müstəvisindən yanaşmağı doğru hesab etmirəm.
Azərbaycanda uzun müddət birpartiyalı sistem olub. Və ona görə də politologiya bir elm kimi inkişaf etməyib. Hər şey yalnız idealogiya üzərində qurulmuşdu. Bizdə politologiya bir elm kimi müstəqillik qazanandan sonra formalaşmağa başladı. Bəs ömrünün 1989-cu ildən bərisini siyasətə həsr edən adama demək olarmı ki, bu, sənin sahən deyil?! Hesab edirəm ki, bu, ədalətsizlik olardı.

– Maraqlıdır, ixtisasın olmadan da siyasətçi olmaq mümkündürsə, bəs onda politologiya fakültə olaraq nəyə lazımdır? Bu fikir jurnalistikaya da aiddir. Onsuz da kimin bəxti harda gətirir, orda da işləyir...
– Bunlar əslində, şans məsələsidir. Təbii, cəmiyyətdəki fərdlərin xüsusi istedadının bu sahələr üzrə olması və sonradan özünü inkişaf etdirməsi məsələləri də var. Amma o demək deyil ki, bu insanlar nəzəri biliklərə yiyələnməli deyillər. Və yaxud da, politologiya, jurnalistika ixtisası üzrə təhsil almalı deyillər. Amma bizim dövrün gənclərini, xüsusən də, keçid dövrünə düşən insanları bu günün gəncləri ilə müqayisə etmək doğru deyil. Axı bizim formalaşdığımız, yetişdiyimiz rejimlə sizinki eyni ola biləz. Yəni tarixi şəraitin diktə etdiyi şərtlər var və bunları nəzərə almaq lazımdır. Bizi tarixi şərait politoloq kimi yetişdirib. Biz birbaşa praktikadan, təcrübədən çıxan siyasətçilər və politoloqlarıq, məktəb partası axrasında yetişdirilən parnik, akvarium siyasətçiləri deyilik.

– Elçin bəy, şeir ilahi diqtədir. Siyasətdə isə lazım gələndə yalan da danışmalı olursan. Bəs bu iki sahə sizin içinizdə necə yola gedir? Biri həqiqətlə qidalanır, o birisi yalanla...
– Siyasətçi bütün hallarda səmimi olmalıdır, hətta yalan danışanda da.

– Səmimi yalan necə olur ki?
– Ümumiyyətlə, siyasət adamlarına bu cür yanaşmağı doğru hesab etmirəm. Məsələn, nəzəri siyasətlə məşğul olan insanlar hər hansı bir hadisəni proqnozlaşdırırlar və təhlil etdikləri zaman doğru bildiklərini deyirlər. Və cəmiyyət üçün ziyanlı olan tərəflərini dilə gətirmirlər. Çünki bunlar yalnız cəmiyyəti idarə edən şəxslər üçün lazımdır. Elə məsələlər var ki, onlar ictimai rəyə açıqlanmalı deyil, qapalı saxlanılmalıdır. Yaxud, istənilən bir prosesin təhlili zamanı Azərbaycanın mövqeyini, ölkənin maraqlarını, ictimai maraqları, dövlət maraqlarını nəzərə alıb danışırsan. Və bu zaman yanaşman kimlər üçünsə doğru olmaya bilər. Buna görə dedim ki, siyasətçi yalan danışanda da səmimi olmalıdır. Yəni yalan danışmaq xətrinə yalan danışmalı deyil. Yəni məqsədi ondan ibarət olmalı deyil ki, yalan danışsın.

– Fikir vermisinizmi, kim maddi imkanlarını təmin eləyibsə, hardansa çörəyi gəlirsə, oturmağa bir iş otağı varsa, o saat Azərbaycanın, dövlətin milli mövqeyindən danışır. Əlində imkan olayanlar isə insan, insanlığın maraqlarından çıxış edir...
– Əslində, dövlət maraqları heç vaxt insan maraqlarını üstələməli deyil. Dövlət də elə insan və insanın sosial rifahını, təhlükəsizliyini təmin etmək üçündür. Kiminsə korporativ maraqlarına toxunanda bunu dövlət maraqlarına toxunurmuş kimi qələmə verirsə, bu, kökündən yanlış bir mövqedir. Cəmiyyət - sıravi vətəndaş da, sosial statusa malik insanlar da bir şeyi anlamalıdır ki, onların təhlükəsizliyi bilavasitə dövlətdən asılıdır. Azərbaycan vətəndaşı ona görə sabit və əminamanlıq şəraitində yaşayır ki, onun müstəqil dövləti var.
Təbii, insanların sosial problemləri ola bilər. Hətta kənardan qayğısız və problemsiz görünən insanların da problemləri var. Amma problemlər həmişə olub və olacaq. Biz Sovet rejimində yaşamırıq ki, konkret standartlar müəyyənləşdirilsin və hər kəsə müəyyən məbləğ ayrılsın ki, onlar o çərçivə daxilində həyat tərzlərini minumum şərtlərlə təmin edə bilsinlər. Kapitalizmin öz qanunları və şərtləri var. Düzdür, şərtlər çox vəhşi şərtlərdir. Və bu, bəzən də qanunsuz və amansız görünə bilər. Çünki insan özü maddiyyatçıdır. Birinci öz maraqları gəlir, hər kəs digərindən daha yaxşı yaşamaq istəyir. Və bu da təbii qəbul olunmalıdır. Amma bu şeylər ədalətli qanunlar tərəfindən tənzimlənirsə, şübhəsiz ki, cəmiyyət inkişaf edir.

– Maraqlıdır, siyasi dünyagörüş baxımından siz müxalifətçisiniz?
– Azərbaycan cəmiyyətində təşəkkül tapmış, Milli Azadlıq Hərəkatından sonra formalaşmış bir qrup adamın siyasi münasibətlər çərçivəsindən yanaşanda, mən müxalifətçi deyiləm. Hakimiyyətin doğru addımlarını doğru qiymətləndirirəm, yanlış hesab etdiyim davranışları da sivil bir şəkildə və təhlil edərək dilə gətirməyi bacarıram. Sadəcə, qışqırmıram, bərkdən çığırmıram, yumruğumu yuxarı qaldırmıram...

– Elçin bəy, Elçibəylə münasibətləri olan adamların demək olar ki, çoxu onun haqqında hörmətlə danışırlar. Bəyə sevgilərini hər addımda ifadə edirlər. Belə idisə, bəs onun partiyasını niyə parçaladılar? Hərəsi Elçibəyin şəklinin altında bir stol qoyub oturub ki, bura mənim partiyamdır.
– Elçibəylə mənim şəxsi münasibətlərim olmayıb. Sadəcə, bir media adamı kimi görüşlərimiz olub. Və mən ona yalnız müsahib kimi yanaşmışam. İkincisi, mən ayrı-ayrı şəxslərin Elçibəyə olan münasibətindən də xüsusi olaraq danışa bilmərəm. Partiyanın parçalanmasını zəruri eləyən şərtlər isə tamamilə fərqli idi. Bu, birbaşa Elçibəyin şəxsiyyəti, tarixdə oyandığı rol və liderlik kefiyyətləri ilə bağlı məsələ deyildi. Bildiyiniz kimi partiya Elçibəy xəstələnəndən sonra parçalanmaya məruz qaldı, dünyasını dəyişəndən sonra isə faktiki olaraq parçalandı. Ona görə ki, səhvlərə yol verildi və bəzi şəxslər korporativ maraqlarından daha qabarıq şəkildə çıxış eləməyə başladı.

– Məsələn, kimlər?
– Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin müstəsna xidmətləri oldu. Onun çox məhdud dünyagörüşü, siyasi proseslərə özünün proqramtik adlandırdığı, lakin əslində, korporativ maraqlar çərçivəsindən yanaşması nəticədə təşkilatdaxili ziddiyyətləri dərinləşdirdi. Beləliklə, birmənalı şəkildə deyə bilərəm ki, Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin korporativ iddiaları rol oynadı.

– Xalq Cəbhəsi partiyası o qədərdir ki, adam hərdən qarışıq salır. Bilmirsən kim hansının sədridir...
– Şübhəsiz ki, müəyyən dövrdə bu qarışıqlıq var idi. Amma sonradan bu fərqlər aradan götürüldü və bu gün hər kəs bilir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hansı ideyanın daşıyıcısıdır və cəmiyyətdə hansı mövqedən çıxış edir. Azərbaycanın ən ucqar kəndində və ümumiyyətlə, bir çox yerlərdə insanlar partiyamızın və liderimiz, millət vəkili Qüdrət Həsənquliyevin mövqeyi haqqında kifayət qədər məlumatlıdırlar.

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyanın adındakı “Bütöv Azərbaycan” nəyi nəzərdə tutulur? Güneyli, Quzeyli Azərbaycanı?
– Bütöv Azərbaycan anlayışı bir neçə aspektdə dəyərləndirilir. Birinci dəyərləndirilmədə bugünki Azərbaycan Respublikasının, ikinci dəyərləndirmədə isə Güneyli, Quzeyli Azərbaycanın bütövlüyündən söhbət gedir. Bir şeyi də qeyd edim ki, bəzən bütövlük anlayışı fərqli qəbul olunur. Biz əslində, mədəni bütövlük, dil bütövlüyü, milli ruhun bütövlüyünün qorunub-saxlanılmasından danışırıq.

– Bəs ərazi bütövlüyündən niyə danışmırsınız?

– Axı bir partiya ərazilərin birləşdirilməsi mövqeyindən çıxış edə bilməz. Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Onlar ilk növbədə öz yaşadıqları dövlətin çərçivələri daxilində öz hüquqlarını müdafiə etməlidirlər, bu istiqamətdə addım atmalıdırlar. Azərbaycan Respublikasının vətəndaşı kimi və ya partiya funksioneri olaraq, mənim 35 milyon insana ağıl öyrətmək niyyətim yoxdur. Bütöv Azərbaycan bir məfkurədir, ideyadır və mən bu ideyanın daşıyıcısıyam, amma tarixi reallıqlar, beynəlxalq hüququn sərhədlərini də nəzərə alırıq.

28.11.2017 21:59:32
Oxuma sayı: 108