Elmar Məmmədyarovla Zakir Həsənov Brüsseldə amerikalı həmkarları ilə görüşüblər
Ölçü:


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüblər.

Koordinat.az
xəbər verir ki, görüş Brüsseldə NATO-nun tədbiri çərçivəsində keçirilib. Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.
 
Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

E. Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.  

Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.  

 


12.07.2018 17:12:00
Oxuma sayı: 265