Əsl döyüş zabiti - Raquf Orucovun ad gününə
Ölçü:


Əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun ad günüdür. Yaşasaydı, bu gün 46 yaşı tamam olacaqdı. Ancaq öz həyatını dogma Qarabağ torpağının azadlığı uğrunda mübarizəyə, əsl hərbçi, döyüş zabiti kimi düşmənlə üzbəüz döyüşdə şəhid oldu. Raquf Orucovun adı Azərbaycanın hər tarixində də, xalqın yaddaşında da əbədi yaşayacaqdır.

Koordinat.az
şəhid polkovnikin ad günündə “Murov qartalı” kitabından bir parçanı oxuculara təqdim edir.  Xatırladıq ki, kitab 2017-ci ildə “Azimport” şirkətinin dəstəyi ilə hazırlanıb və nəşr edilib.  Kitabın həmmüəllifləri jurnalistlər Elşən Əliyev və Elxan Salahov Azərbaycan Mətbuat Şurası tərəfindən Ali Media Mükafatına layiq görülüblər.
***

Xaİn qonşularımızın Azərbaycan ərazilərini qəsb etmək istəyi və bu məqsədlə başladıqları müharibə xalqımızın dincliyini əlindən aldı. Dinc dövrün adamı olan on minlərlə soydaşımız mülki geyimini hərbçi mundirinə dəyişərək,  yeni yaradılan ordumuzun döyüşçüləri sırasına qoşuldu. Ali mühəndis təhsili almaq üçün oxuduğu ali məktəbin hərbi kafedrasında zabit hazırlığı kursu keçmiş Rasim Fərşidov da onlardan biri olub.

O zaman silahlı qüvvələrimizdə kəskin ehtiyac duyulan zabit kadrlarının əksəriyyəti məhz belə hazırlığı olan gənc vətənpərvərlərdən ibarət idi. Hazırda ehtiyatda olan kapitan, Qarabağ müharibəsi veteranı Rasim Fərşidovun döyüş yolu cəbhənin ən qaynar nöqtələrindən keçib və atəşkəs dövrünün ən çətin xidmət yerlərindən olan Murovdağda başa çatıb. Məhz burada tale onu həmin vaxt kiçik leytenant rütbəsində kəşfiyyat tağımının komandiri olan Raquf Orucovla qarşı­laşdırıb.

“Çox gənc olmasına baxmayaraq, o, peşəkar zabit idi: həm döyüş təcrübəsi vardı, həm də yaxşı nəzəri hazırlığı... Mən hərbi hissənin kəşfiyyat xidmətinin rəisi vəzifəsinin icrasına başlayanda Raqufun kiçik leytenant rütbəsində olduğunu görüb, sözün düzü, təəccübləndim. Çünki artıq onun düşmən arxasına keçərək çox uğurlu kəşfiyyat əməliyyatı hə­yata keçirdiyindən, hərbçilər arasında qəhrəman kimi tanındığından xəbərdar idim,” –  deyə Rasim müəllim Murovdağdakı xidmət dövrünü və şəhid polkovnik-leytenant Raquf Orucovla orada bünövrəsi qoyulan dostluğunun qısa tarix­çəsini xatırlayır.

Təcrübəli kəşfiyyat rəisi kimi o, tabeliyində olan gənc tağım komandirinin qısa müddətdə həm rütbə, həm də vəsifəcə irəliyə çəkilməsinə öz imkanı daxilində yardımçı olub. “Raquf nə qədər cəsur və döyüşkən idisə, bir o qədər də təvazökar idi. Rütbə artımının gecikdirilməsindən narahatlıq keçirmir, təmkinlə öz işini görür, Vətənə təmənnasız xidmət edirdi,” – deyir R.Fərşidov. Onun təqdimatı ilə leytenant rütbəsi alan və bölük komandiri təyin edilən Raquf Orucov hərbi hissənin kəşfiyyatçılarını öz döyüş və mənəvi-psixoloji hazırlıq səviyyələrinə görə nəinki briqadada, həm də hərbi birləşmədə və ümumən ordu səviyyəsində birincilər sırasına çıxarıb.

Raqufla 6 il birgə xidmət etmiş R.Fərşidovun dediyinə görə, həmin müddətdə igid kəşfiyyatçı, ən azı, 18-20 dəfə düşmən arxasına keçib, orada təxribatlar törədib, düşmənin texnikasına və canlı qüvvəsinə kəsərli zərbələr vurub. Rasim müəllim xatırlayır ki, 1990-cı illərin axırlarına təsadüf edən həmin vaxtlarda orduda peşəkar kadrlar az olduğundan hərbi hissənin kəşfiyyat bölüyündə yeganə zabit Raquf Orucov idi: “Şəxsi heyətdə onun necə böyük nüfuza sahib olduğunu görmək kəşfiyyat xidmətinin rəisi kimi mənə çox xoş idi. Raquf bu hörməti, sevgini öz şəxsi keyfiyyətlərinə, əsgərlərə göstərdiyi daimi diqqət və qayğıya görə qazanmışdı. O zaman maddi təchizat indiki kimi deyildi və bəzən əsgərin adi məişət ləvazimatına ehtiyacını vaxtında ödəmək mümkün olmurdu. Raquf çalışırdı ki, əsgərləri bu çatışmazlığı hiss eləməsinlər. Bəzən öz maaşının bir hissəsini bu məqsəd üçün xərcləyirdi. Hər zaman öz əsgərləri ilə birlikdə olar, təlimlərdə xüsusi tələbkarlıq göstərərdi. Bölükdə nizam-ntizam ən yüksək səviyyədə idi. Şəxsi heyətdəki sağlam ab-hava komandanlığın bütün döyüş tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirməyə imkan verirdi. Hamı bilir ki, atəşkəs rejimi olsa da, kəşfiyyatçılar üçün müharibə bitməyib. Məhz buna görə də biz Raqufla müntəzəm olaraq kəşfiyyat əməliyyatları planlaşdırır və həyata keçirirdik. Etiraf edirəm ki, mən xidmət rəisi olsam da,  həmin əməliyyatların  bütün ağırlığını  o öz üzərinə götürür və cəsarətlə öndə gedərək, əsgərləri də arxasınca aparır, nəinki kəşfiyyat tapşırığını uğurla yerinə yetirir, həm də bu zaman tabeliyindəkilərin sağ-salamat geri qayıtmasını təmin edirdi”.   

Raquf Orucovun Kəlbəcər rayonu ərazisində düşmən arxa­sına keçərək apardığı kəşfiyyat əməliyyatları haqqında bir sıra versiyalar var. Əfsanəvi kəşfiyyatçının Murovdağdakı qəhrəmanlıqları haqqında onun keçmiş rəisi kimi R.Fərşidovun xatirələri isə daha maraqlıdır.

Həmin əməliyyatların bir çoxunun  planlaşdırılmasında və gerçəkləşdirilməsində şəxsən iştirak etmiş veteran zabit deyir: “1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması, videoçəkiliş aparılması barədə əmr almışdıq. Əmri ye­rinə yetirmək üçün iki kəşfiyyat qrupu formalaşdırdıq. Onlardan birinə Raqufu, digərinə isə tağım komandirini başçı təyin etdik. Hazırlaşıb yola çıxdıq. Axşama yaxın təmas xəttindəki ən son posta çatanda tağım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini o tərəfə keçməliyik. Amma tağım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik və qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirsin.

Raquf videokameranı götürərək, 6 nəfərdən ibarət qrupu ilə yola düşdü. Onlar Ömər aşırımından Yanşağa qədər böyük bir məsafə qət etməli idilər. Lazım olan məntəqəyə çatanda Raquf əlaqə saxlayıb apardıqları müşahidələr barədə məlumat verirdi. Bildirdi ki, erməni əsgərləri səhər düzülüşünə dayanıblar, onları çəkirəm. Bir qədər sonra, təxminən səhər saat 8 radələrində yenidən əlaqə saxladıq, dedi ki, düşmən məni görür, nə etməli olduğumu bilmirəm. Çünki bir tərəf açıqlıqdır, yerimi dəyişsəm təhlükə bir qədər də artacaq. Soruşdum ki, qərarın nədir? Dedi, qərar qəbul edirəm ki, geri qayıdaq. Dedim, geri qayıdın, Allah eləməmiş, bir hadisə baş versə,  mənə xəbər elə ki, sizə dəstək verə bilək. Səhər saat 10-da onunla belə bir qərar qəbul etdik.

Axşam saat təxminən 7 radələri idi, məlum oldu ki, Raqufgil gəlib düşmənin arxasında aşağıda mövqe tutublar, amma yuxarıda ermənilərin postu yerləşdiyindən hərəkət edə bilmirdilər. Qrupun bütün heyəti erməni postundan aşağıda dərənin içində qaldı. Biz də dərəyə endik ki, onlara kömək edək, çünki yükləri vardı deyə, yuxarı qalxmaq çətin idi. Bu ərazi elə bir yer idi ki, yalnız kəndir vasitəsilə dərənin dibindən yuxarı qalxmaq olardı. Bu çətinliklərə baxmayaraq, biz o əməliyyatı da uğurla başa vurduq. Raqufgil qayıdıb gələndə briqadada hamı sevinc içərisində idi. Axı, igid kəşfiy­yatçılarımız salamat qayıtmış, lazım olan məlumatları da toplayıb gətirmişdilər”.

...Rasim Fərşidovla Raquf Orucov arasında birgə xidmət dövründə başlanmış səmimi yoldaşlıq və həmkarlıq münasibətləri sonralar möhkəm dostluğa çevrilib. Rasim müəllim ordudan tərxis edilərkən öz yerinə - hərbi hissənin kəşfiyyat rəisi vəzifəsinə Raqufun namizədliyini verib və komandanlıq da onun təqdimatına etimad göstərib.
“Raqufla ailəvi dostluğumuz davam edirdi. Tez-tez zəng­ləşirdik, imkan olanda görüşürdük. Onun hərbi xidmətdəki uğurlarına həmişə sevinmişəm. Briqada komandiri təyin edi­lərkən Ağdama gedib onu təbrik etdim. Dedi ki, indi kəndi­mizin lap yaxınlığındayam, inşallah,  o əraziləri düş­məndən azad edəcəyik,” – deyən R.Fərşidov dostunun “aprel döyüş­ləri”ndə şəhid olması xəbərini dərin kədər hissi ilə qarşı­ladığını, lakin həmin döyüşlərdə Azərbaycan Ordusunun qələbəsindən və Raqufun da bu qələbənin əldə edilməsindəki rəşadətli xidmətindən qürur duyduğunu bildirir.

  Ailə başçısını itirdiyi andan Orucovlar ailəsinin  yanında olan, onlara təskinlik verən və əfsanəvi kəşfiyyatçının igidlikləri barədə məlumatların ictimaiyyətə çatdırılmasında ən fəal rol oynayan Rasim Fərşidov qəhrəman zabitin xidmətlərinin yüksək dövlət təltifinə layiq görülməsini arzu edir.

Rasim Fərşidov deyir: “Bu gün Azərbaycan öz hərbi-texniki təchizatına, döyüş qabiliyyətinə və mənəvi-psixoloji səviyyəsinə görə regionda ən güclü orduya malikdir. Belə bir ordunun varlığı xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin də tezliklə həll ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə və müvəqqəti işğal altında olan digər yaşayış məntəqələrimizdə dalğalanacağına bizdə dərin ümid və inam yaradır. 2016-cı ilin aprel ayının əvvəllərində ordumuzun qəhrəman əsgər, gizir və zabitlərinin  cəbhəyanı ərazilərdə Ermənistanın işğalçı qüvvələrinin təx­ri- ba­tının qarşısını almaq məqsədilə həyata keçirdikləri uğurlu döyüş əməliyyatı, bir sıra strateji yüksəkliklərin və ərazilərin düşməndən azad edilməsi Azərbaycanın hərbi gücünü bir daha bütün dünyaya göstərdi. Ordumuzun əldə etdiyi bu qələbə qarşıda bizi gözləyən daha böyük və möhtəşəm zəfərlərin növbəti müjdəçisi oldu, xalqımıza qürur hissi bəxş etdi, gənc­lərimizin vətənpərvərlik duyğusunu coşdurdu, milli birliyimizi daha da möhkəmləndirdi. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan, hərbi xidmət və vətəndaşlıq vəzifəsini şərəflə yerinə yetirərək torpaqlarımızın azadlığı uğrunda canını qurban verən Vətən oğullarının  xatirəsi qəlbimizdə və yaddaşımızda daim yaşayacaq, onların hünər və qəhrəmanlığı Azərbaycanın gənc nəsilləri üçün hər zaman örnək olacaqdır”. 

Ordumuzun ehtiyatda olan veteran zabiti R.Fərşidov hərb­çi peşəkarlığına və vətənpərvərliyinə, döyüşçü ruhuna və şəxsi şücaətinə dərindən bələd olduğu əfsanəvi kəşfiyyatçı Raquf Orucovun adının Azərbaycanın hərb tarixinə əsl qəhrəman kimi həkk ediləcəyinə əmindir.

12.07.2018 12:42:00
Oxuma sayı: 2899