İşığın sınma qanunu –Niyə Gəncə?
Ölçü:


Xəqani SƏFƏROĞLU

13 il bundan əvvəl, 2005-ci ilin əvvələrində “Ayna- Zerkalo” qəzetində “İnqilab Azərbaycanda təxirə salınır” adlı yazı yazmışdım.  Bütün MDB məkanı “rəngli inqilabların” məstedici ətri ilə nəfəs alırdı.

O zaman əlimə Amerika Kəşfiyyat Şurasının yaxın 20 il üçün hazırladğı proqnozları keçmişdi…

Hesabatı oxuyub şoka düşmüşdüm. İnanmamışdım. Bu proqnozlarda qarşıdakı illərdə Yaxın Şərqdə və MDB-də gözlənilən hadislərdən danışılırdı. Yaxın Şərqin o vaxt sabit görünən dövlətlərində inqilabın başlanacağını, o ölkələrin rəhbərlərinin iqtidardan gedəcəyi yazılırdı. Oxuyub istehza ilə “yankilər də dozanı lap şişirdirlər” deyə gülümsəmişdim.

Sonrakı illərdə proqnzlaşdırılanların hamısı baş verdi:  2010-cu ildən başlanan “Feysbuk inqilabı”, İŞİD və s. oradakı digər proqnozlar…

O hesabatda MDB ölkələri də yer alırdı. “Demokratikləşmə dalğasının” 2015-2020-ci illərdə MDB ölkələrinə gəlib çatacağı qeyd olunur və regionda ciddi təlatümlər vəd edilirdi.

Niyə Gəncə?

Gəncədə baş verənlər çox pis bir tendensiyadır.  Başımı deşən suallar isə lap çoxdur. Necə oldu ki, sosial motivli narazılıq ovqatı dini radikalizm sloqanları ilə əvəz olundu? Azərbaycan dövləti sekulyar cəmiyyətə malikdir. Burada heç vaxt ictimai-siyasi proseslərdə dini şüarlar avanqard olmayıb. Heç vaxt ölkədə dini zəmində olan siyasi birliklər ciddi etimad qazanmayıb.

Azərbaycanda heç vaxt dini dözümsüzlük faktorları özünü göstərməyib. İstənilən iqtidar islam dininin bütün ehkam və ənənələrinə xüsusi münasibət göstərib.

Bəs nədən Gəncə?

“Pis və zalım başçı” harayı dövlət üçün ciddi indikator olmalıdır. Ölkədə sosial ədalət axtaran qrupların bütün problemləri yenidən ciddi şəkildə öyrənilməlidir.  İdarəçilikdə yeni trendlər tətbiq olunmalıdır, vətəndaşların səsi eşidilməlidir. Prezident siyasi prioritetini “insan faktoru” üzərində qurduğunu bəyan edib.  Məmur oliqarxiyası, korrpusiya, rüşvət, ən sadə məsələlərdə məmur özbaşınalığı ortadan qalxmalıdır. Cəmiyyətlə münasibətlərdə tarazlıq yaradan trendlər tətbiq olunmalıdır.

Adətən dini həqiqətlərə üz tutan qruplar sosial ədalətsizlikdən bezar olan qruplar olur. Belə problemləri önləmək üçün “yol xəritəsi” işlənməlidir.

Nədən Gəncə?

Müstəqil Azərbaycan özünün tamam yeni dövrünə adlayır. 90-ların taraz dünyası, beynəlxalq güclərin “centlemen sazişləri” göz önündə tarixin arxivinə gedir. Qlobal transmilli şirkətlərin diqtə etdiyi Yeni Orta Əsrlər dünyanı haqlamaqdadır. Ağıllı insanlar bu “sövdələşmə siyasətinin” bütün dəhşətini hiss edir və bəşəriyyəti buna qarşı qurmağa çağırır. Buna sinə gərəcək ən vacib amil möhkəm dövlət, ədalətli idarəçilik və firavan vətəndaşdır.

Gəncədə baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir. Bu plana ancaq həmrəylik, yeni idarəçilik trendi və güclü iradə ilə müqavmət göstərə bilərik.

Şans öz əlimizdədir!
11.07.2018 15:34:00
Oxuma sayı: 547