“Mən başsız başçıya niyə baş əyməliyəm?”
Ölçü:


Sultan LAÇIN

...Başlıqdakı sualla həyatımızın bütün mərhələlərində baş-başa qala bilərik. Hətta təbiətən kölə xislətli insanın içində belə, orta məktəbdə təhsil alarkən şagirdi olduğu sinfin ən savadsız, qabiliyyətsiz, mədəniyyətsiz şagirdinin yalnız direktorun, yaxud onun müavininin övladı olmasına görə sinif nümayəndəsi seçilməsinə qeyri-iradi bir etiraz yaranır. “Mən nəyə görə özümdən qat-qat savadsız, mərifətsiz, başsız birinə baş əyməliyəm? Halbuki, o vəzifəyə  ondan daha çox layiqəm...” Sinifdə əksəriyyətin belə düşünməsi gec-tez həmin sinif nümayəndəsinə, sinif rəhbərinə və bütövlükdə məktəb rəhbərliyinə qarşı kütləvi etiraza çevrilə bilər...

Ailədə əgər ata əyyaşlıqla, qumarbazlıqla, zinakarlıqla məşğuldursa, xanımına xəyanət edir və qazancının əksəriyyətini kənara xərcləyirsə, üstəlik, gəlib evdə arvadını, övladlarını söyüb- döyərək özünə tabe edərək evdə diktatura rejimi qurmağa çalışırsa, onun xanımının da  oğlunun da,  qızının da bu cür düşünməsi təəccüblü deyil:”Əşşi, bu nə atadır, bu nə ailə başçısıdır e? Biz belə başsız bir adama niyə baş əyməliyik?  Bəlkə bunu rədd edib özümüz başımızın çarəsini qılaq?..” Oxşar fikirlərin yerində olmayan şirkət, zavod, fabrik, bölgə və ölkə başçıları haqqında da yarana bilməsi təbiidir...

Son 2-3 onillikdə  Azərbaycanda  “başçı” məfhumu əsasən rayon və şəhərlərin rəhbərləri - icra hakimiyyəti başçıları barəsində işlənir. Sovet dövründə bu “katib” sözü ilə ifadə olunurdu. Bu gün sadə insanlar  rayon rəhbəri haqda danışarkən qıcaca “başçı”, həmin icra hakimiyyətinin əməkdaşları, eləcə də bağça, məktəb, xəstəxana və s. rəhbərləri isə rəsmiyyətdə “cənab başçı” ifadələrini işlədirlər...

Və artıq neçə illərdir, nələr baş verdiyindən baş açmağın çətin olduğu məmləkətdə başları qatışdıran baş  mövzulardan biri də başçılar mövzusudur. Ölkə başçısı dəfələrlə müşavirələrdə, vətəndaşlarla görüşlərində  insanlarla yaramaz rəftar edən harınlamış məmurlar, xüsusən  icra başçıları barədə sərt çıxışlar edib və hətta bir neçə rayon rəhbərini biabırçı formada, yəni əməllərinə görə rüsvay etdirərək vəzifəsindən kənarlaşdırıb.   Amma danılmaz gerçəklikdir ki,  “həm dövlətə, həm də xalqa sədaqətli işgüzar başçı” problemi hələ də qalır. Görünür, bölgə başçıları ölkə başçısının çıxışlarından müvafiq nəticələr çıxararaq rüşvət və korrupsiya əməliyyatlarına, vətəndaşlara qarşı kobudluğa, haqsızlığa və s. son qoymurlar.  Bəlkə də bunun əsas səbəbi belə əməllərlə məşğul olanların sərt cəzalandırılmaması, yəni vəzifədən azad edilməklə yanaşı, həm də həbs olunmamasıdır...

Savadsız, qabiliyyətsiz, korrupsioner olmaqla bərabər, həm də dini-imanı olmayan, mərifətsiz, ağzı söyüşlü, tabeliyində olan məmurlarla bərabər, polisi, sahibkarları, müəllimləri, həkimləri, hətta adi kəndliləri, fəhlələri mənən(bəzən hətta fiziki və maddi mənalarda) sındıraraq özünə baş əydirməyə çalışan Firon xislətli  başçılar haqqında isə vətəndaşların beynində təbii ki, “mən bassız başçıya niyə baş əyməliyəm” fikirləri yaranacaq.  Doğrudan da, başlı, savadlı, elmli oldu-olmadı, rüşvət aldı-almadı, normal insan nəyə görə əməkdaşı olduğu müəssisənin, yaxud sakini olduğu bölgənin başçısına  yaltaqcasına, müticəsinə baş əyməlidir? Vətəndaş hər hansı rəhbərə, vəzifəli şəxsə, başçıya, sadəcə, hörmət bəsləməlidir. Amma təəssüf ki, elə xan, bəy, çar zəmanələrindən, sovet dövründən bəri əksəriyyətdə çox yanlış, nadan, cahil stereotiplər formalaşıb...

Bu gün Azərbaycanda “başçı” deyəndə çoxlarının təsəvvüründə belə bir mənzərə yaranır: ”Uzunluğu azı 10 metr olan kabinetində dəbdəbəli masa arxasında, rahat kresloda əyləşmiş, zəhmli, iri başlı, iri gövdəli, iri əlli, əlinin altında 7-8 telefon, çağırış düymələri, qarşısında videomonitor, kompüter olan, səni görəndə heç yerindən də tərpənməyən bahalı kostyumlu, qalstuklu bir varlıq...”. Təbii ki, bunun ardınca göz önünə başçının əshabələri, qoçuları. sürücüləri,  bahalı avtomobilləri, ardınca rayon mərkəzindəki iri obyektləri,  rayonun ən mənzərəli yerlərindəki villaları, fermaları, meşələri, taxıl zəmiləri, qoyun sürüləri və s. gəlir. Bunları təsəvvüründə canlandırandan sonra qeyri-iradi başın aşağı əyilir, bükülürsən, balacalaşırsan... Niyə əyilirsən, niyə balacalaşırsan? Nədən Allahın bütün insanlar  kimi bir qətrə murdar mayedən yaratdığı sonu ölümlü bir varlığı bütləşdirirsən? Məgər dövlət başçını səni başından basıb diz çökdürmək üçün bu vəzifəyə  qoyub? Yaxud kiminsə daha çox var-dövlətə sahib olması onun səndən üstünlüyü deməkdirmi?

İnsan şəxsiyyətini alçaltmağı sevən, əslində öz xisləti, təhsili, savadı və əməlləri ilə başçılığa layiq olmayan başsız başçıların önünə bəzən “mən başsız başçıya niyə baş əyməliyəm” düşüncəsi içində qaynayan qürurlu, şəxsiyyətli insanlar çıxır və belə rəhbərin təhqirlərinə dözməyərək onun cavabını verir. Həmin vətəndaş ləkələnərək, şərlənərək həbsə atılsa da, elə bir vəziyyət yetişə bilər ki, belə başçının zülmündən bezmiş insanlar da həmin şəxsə dəstək verər və...

Bu cür hallardan isə ölkədə böyük iğtişaşlar və son nəticədə xaos yaratmağa çalışan xarici və daxili qüvvələrin istifadə etməsi təbiidir...
Başçı başqalarının, tabeliyində olan əməkdaşların və sakinlərin, sıravi vətəndaşların hüquqlarını tapdamağı yox, qorumağı bacarmalıdır. Bunun üçün özünün də, tabeliyində olan insanların da hüquq və vəzifələrini mükəmməl bilməlidir. Başçı rəhbərlik etdiyi insanların şəxsiyyətini alçaltmamalı, özünü onlardan üstün tutmamalı, hər bir sahədə onlara nümunə olmaqla xalqın bezikməsinə şərait yaratmamalıdır. Xülasə, dünyanın bütün “demokratik” adlanan dövlətlərində olduğu kimi, Azərbaycanda da dövlət başçısının da dəfələrlə xatırlatdığı  “Dövlət məmurlarının etik davranış qaydaları haqqında” Qanunda göstərilənləri hər bir məmur, o cümlədən  icra başçıları mənimsəməli və həyata keçirməlidir...

Bəs  İslam əqidəsinə, yəni Allah qanunlarına görə dövlətin başçısı və onun bölgələrə təyin etdiyi başçılar necə olmalıdır? Müsəlman hər bir işdə müsəlmanlığa ən layiq şəxsdən nümunə götürməlidir. Hər bir sahədə olduğu kimi, başçılığa da ən mükəmməl nümunə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamdır... Həzrəti Rəsul(s) bu gün də bizə rəhbərlik edir. Dünyanın bütün irqləri arasında Məhəmməd əleyhissəlamı özünə rəhbər seçənlər var. İslam tarixini araşdırsaq, Peyğəmbərimizin(s) nümunəvi dövlət başçısı olmasına saysız-hesabsız misallar taparıq. Rəsulullahda(s) nöqsan axtarsaq da, tapa bilmərik.  Odur ki, hər hansı bir ölkənin və xüsusən müsəlman dövlətinin lideri və onun tabeliyindəki əyalət başçıları və ardıcıllıqla digər  məmurlar mütləq Peyğəmbərimizin(s) yolunu tutmalıdır...


Peyğəmbərimiz(s) buyururdu: ”Mən öz ümmətim üçün yolunu azmış rəhbərlərdən qorxuram...”. 

Allahın Rəsulu gələcək təhlükələri gözəl hiss edirdi. Bilirdi ki, Şeytan Yaradana vəd etdiyi kimi, insanları Haqq yolundan azdırmaqda davam edəcək, nəticədə öz nəfsinə tabe olan, bir qarın çörəkdən, var-dövlətdən, vəzifədən ötrü hər şeyini, vicdanını, mənliyini, imanını belə, satmağa hazır,  zahirdə müsəlman, əslində isə ikiüzlü, riyakar münafiqlərin sayı artacaq. Nə yazıqlar ki, əksər dövlət başçıları riyakarlığa, simasızlığa, ədalətsizliyə “siyasət” adı qoyaraq ölkələrə başçılıq edəcək, bunun da məntiqi nəticəsi kimi bütövlükdə İslam dünyası tənəzzülə uğrayaraq yəhudi, xaçpərəst, bütpərəstlərin, şeytanpərəstlərin işğalına məruz qalacaq...

Bu günkü “müasir”, “demokratik” adlanan, əslində isə əsl diktatura siyasəti yürüdən hegemon dövlətlər və transmilli güclər çox hiyləgər, riyakar və amansız bir taktika seçiblər: əvvəlcə müsəlman ölkələrində əsl-nəsəbi bilinməyən, yolunu azmış, dinsiz-imansız, rüşvətxor, zülmkar şəxslərin hakimiyyətə gəlməsinə şərait yaradır, onun və nəslinin uzun illər ölkəsini zülm altında saxlamasına meydan verir, ölkədə zülmkarlıq, rüşvətxorluq son həddə çatanda isə öz agentlərinin və maliyyə gücünün dəstəyi ilə xalq kütlələrini ayağa qaldırıb həmin başçını devirməyə təhrik edir, nəticədə müsəlman ölkəsində vətəndaş müharibəsi baş qaldırır və müsəlmanlar bir-birini aylarla, bəzən illərlə qırır, ölkədə əsrlərdən bəri qalan mədəni abidələr dağıdılır, on illərlə qurulmuş bütün infrastruktur məhv edilir və sonda müsəlman ölkəsi bütünlüklə kafirlərin mədəni, maliyyə, bəzən də hərbi gücünə tabe olmağa məcbur olur...

Son 10-15 ildə İslam ölkələrində, xüsusən Əfqanıstan, İraq, Misir, Liviya, Suriyada və s.  yüz minlərlə insanın qətli ilə müşayiət olunan qanlı olayların əsas səbəbi bir yandan şeytanpərəst İslam düşmənlərinin planlarıdırsa, digər yandan nadan və harın başçıların öz xalqına, müsəlmanlara qarşı Allahsız siyasətidir...

06.07.2018 11:34:09
Oxuma sayı: 299