Vergilər Nazirliyində struktur islahatı: nə və necə dəyişir?
Ölçü:


Vergilər Nazirliyində geniş struktur islahatları həyata keçirilib.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, məqsəd Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulmasıdır.

Bəs bu dəyişikliklər sahibkarlığa nə vəd edir?

Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova bu gün keçirdiyi brifinqdə bildirib ki, yeni apelyasiya sistemi vergi sistemində korrupsiya elemetlərinin qarşısının alınmasına xidmət edəcək

Baş direktor deyib ki, ən vacib institusional yeniliklərdən biri Nazirliyin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsi yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb: "Yeni idarənin yaradılması faktiki olaraq, vergi orqanlarında müstəqil arbitr funksiyalarına malik yeni bir appelyasiya institutunun formalaşmasına gətirəcək. Vergi orqanlarının fəaliyyətindən inzibati şikayətlərin baxılması, bütövlükdə şikayət institutu bir struktur altında cəmləşdiriləcək".

Xatırladaq ki, sonuncu dəyişikliyə qədər Vergilər Nazirliyinə olan şikayətlərin baxılması qaydası belə müəyyənləşdirilmişdi: sahibkar yerli vergi orqanlarının fəaliyyətindən, qərar və aktlarından narazı qaldığı halda, üst vergi orqanına, yəni Vergilər Nazirliyinə müraciət edirdi. Yerli orqanların qərarlarına öz səlahiyyətləri çərçivəsində nəzarət edən struktur vahidi həmin işlər üzrə olacaq şikayətlərə baxır, şikayətləri “İnzibati icraat haqqında” və “Vətəndaş müraciətləri haqqında” qanunların əsasında baxır, araşdırır və ona hüquqi qiymət verirdi.

Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apelyasiya institutunu təkmilləşdirməklə baş vermə ehtimalı yüksək olan korrupsiya elemetlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: “Bu struktur dəyişikliyi ilə inzibat şikayətə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulması, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılması, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılması məqsədini daşıyır.

Yeni apelyasiya sistemində İnzibati şikayətlərə baxan struktur yerli orqanların fəaliyyəti, qəbul etdiyi qərarların qanunvericiliyə uyğun olub-olmamasını araşdıracaq, nöqsanlar müəyyən edildiyi halda, qərarlara məsul olan vergi orqanları əməkdaşları barədə müvafiq intizam tənbehi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq. Bu zaman inzibati şikayətlərə funksional rəhbərliyi həyata keçirən yuxarı orqan tərəfindən deyil, arbitir rolunda çıxış edən yeni struktur tərəfindən baxılacaq. Bu addımlar nəzarət tədbirini həyata keçirən yoxlama strukturları ilə vergi ödəyicisi arasındakı münasibətlərin normallaşdırılması, vergi ödəyicisi, vergi əməkdaşı və rəhbər strukturun münasibətlərinin açıq və bərabərhüquqlu səviyyəyə gətirilməsi məqsədi daşıyır”.

Nigar Alimova bildirib ki, yeni apelyasiya sisteminin qurulması həm də sistemin diaqnostikasını həyata keçirməyə, bilavasitə vergi ödəyicisi ilə əlaqədar yerli vergi orqanlarının və onların işinə nəzarət edən strukturların işini nə dərəcədə keyfiyyətli qurmasını qiymətləndirməyə və Vergilər Nazirliyinin bu sahədə strategiyasını daha şəffaf və düzgün qurmağa imkan verəcək: “Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, vergi sistemində korrupsiya hallarının kökündən kəsilməsi üçün ciddi addımlar atılır və sahibkarlar onları narahat edən ən xırda məsələlərlə bağlı, xüsusən korrupsiya halları, vergi əməkdaşlarının hərəkət və hərəkətsizliyi ilə bağlı bütün mövcud kommunikasiya vasitələri ilə, o cümlədən 195-1 Çağrı Mərkəzi, Vergilər Nazirliyinin rəsmi internet saytında olan əlaqə kanalları vasitəsilə yazılı müraciət edə bilərlər”.

Vergi ödəyicilərinə daha keyfiyyətli xidmət

Vergi ödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər isə vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.

Nigar Ailimova bildirib ki, hazırda Vergilər Nazirliyi göstərdiyi elektron xidmətlərin sayına görə öndə gedən dövlət qurumu olmasına baxmayaraq, yeni rəqəmsal sistemlərinin yaradılması ilə əlaqədar vergi ödəyicilərinə xidmət sahəsində yeni hədəflər müəyyən edilir. Göstərilən xidmətlərin keyfiyyətinin və xidmət kanallarının, elektron xidmət istifadəçilərinin sayının artırılması, vergi ödəyiciləri üçün daha əlçatan və az vaxt itkisinə yol verən yeni xidmətlərin istifadəyə verilməsi, eləcə də xidmətlərin keyfiyyətinin ölçülməsi sahəsində yeni addımların atılması nəzərdə tutulur: "Vergilər Nazirliyi təkcə vergi nəzarətini həyata keçirən orqan deyil, həm də çox saylı elektron xidmətləri və respublikanı əhatə edən xidmət mərkəzləri ilə vergi ödəyicilərinə, vətəndaşlara xidmət göstərən dövlət qurumdur".

Baş direktor bildirib ki, bu dəyişikliklə xidmət mərkəzlərinin işinin keyfiyyətini ölçmək və işin nə dərəcədə səmərəli və düzgün qurulduğunu dəyərləndirmək nəzərdə tutulur. Bu gün nazirlik olaraq qarşıya qoyulmuş məqsədlərdən biri könüllü əməletməyə keçiddir. Bu baxımdan xidmət strukturlarının qarşısında verginin fəlsəfəsinin vergi ödəyicilərinə düzgün çatdırılması kimi vacib vəzifə dayanır.

Bununla yanaşı, ölkədə vergi mədəniyyətinin yüksəldilməsində xidmət strukturlarının böyük rolu vardır. Bu işdə xidmət strukturlarının üzərinə böyük iş düşür. Bu baxımdan, xidmət sahəsinə fokuslanaraq burada mövcud olan məsələlərin həlli nəzərdə tutulur.

Uçot-qeydiyyat sistemində yeniliklər

Nigar Alimova qeyd edib ki, Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır: “Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək. Hazırda vergi orqanlarında sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində “bir pəncərə” sistemi fəaliyyət göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində yüksək şəffaflıq göstəricisi mövcuddur. Bununla yanaşı, dünyada uçot-qeydiyyat sistemində bir çox yeniliklər tətbiq olunmaqdadır ki, Vergilər Nazirliyi bu sahədə mütərəqqi yenilikləri ölkəmizin milli vergi sistemində tətbiq edəcəkdir. Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır. Hər şey vergi ödəyicilərin düzgün uçot məlumatlarından başlayır. Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir. Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək".

Nazirlik rəsmisi vurğulayıb ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir”.
02.07.2018 16:36:00
Oxuma sayı: 2901