İş axtaran müəllimlər imtahan verəcək - iyulun 16-dan
Ölçü:


“Müəllimlərin işə qəbulu üzrə ikinci mərhələ - test imtahanı mərhələsinə iyulun 16-dan start verilməsi planlaşdırılır”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbul imtahanlarının avqustun 1-2-nə kimi yekunlaşdırılması nəzərdə tutulur: “İkinci mərhələdən sonra vakansiya seçimi mərhələsi başlayacaq ki, bu da avqustun ilk yarısında yekunlaşdırılacaq. Vakansiya seçimindən sonra başlayan yerləşdirilmə zamanı bal prinsipi əsas götürüləcək”.

Murad Camalzadə onu da vurğulayıb ki,  ötən il rekord sayda - 50 minə yaxın namizəd müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün qeydiyyatdan keçmişdi və bu il də çoxlu sayda namizədin müraciət etməsi gözlənilir: “Ümumiyyətlə, 2013-cü ildən etibarən müəllimlərin işə qəbulu prosesində iştirak edənlərin sayı getdikcə artır. Məncə, bunun əsas səbəbi cəmiyyətdə müəllim peşəsinin nüfuzunun artması ilə əlaqəlidir”.

M.Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu prosesində köklü dəyişiklik yoxdur: “Hazırda vakansiyaların toplanması prosesi gedir. Vakansiyaların toplanması zamanı kvota müəyyən etmirik. Harada zəruri ehtiyac varsa, o yerlərə vakansiya çıxarılır”.

Qeyd edək ki, iyulun 2-dən 8-dək Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
29.06.2018 11:28:00
Oxuma sayı: 507