“Şamaxinka"da tixac 2-3 günə aradan qalxacaq” – Agentlik rəsmisindən etirazlara reaksiya
Ölçü:


“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, həmin yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə aşınmalar yaranıb: “Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən yolun hazırda qısa müddətlik əmiri daha məqsədəuyğun idi”.

Agentlik rəsmisi qeyd edib ki, bu cür təmir işləri ilə bağlı qərarlar, həm də şəhərin intensiv hərəkət olan hissəsində AAYDA tərəfindən özbaşına qəbul edilib icra olunmur: “Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır. Bu təmir işinin indi həmin yolda çalışan işçilər daha sərin aylarda keçirilməsinin tərəfdarıdılar. Amma bu işlər payız və yaxud yaz aylarında aparılsaydı bu zaman deyəcəkdilər ki, bəyəm bunu məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi?! Biz də bunu gözlədik. Orta və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzərə alındı ki, birdən kimsə istirahətə rayona gedərsə maneəçilik yaratmayaq”.

Anar Nəcəfli bildirib ki, hazırda yoldakı tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyə qədər qızğın iş gedir: “Bu səbəbdən 20 Yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 Yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orda sıxlıq yaşanır. 2-3 günə bu ərazilərdə işlər başa çatacaq, körpü və tunellə hərəkət bərpa olunacaq və "Şamaxinka"da yaşanan sıxlıq aradan qalxacaq. Ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb. Hətta dünən Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə bu, yoxdur, yol boşdur.  Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 – Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi–Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər. Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək”.
28.06.2018 17:38:00
Oxuma sayı: 1268