Bakı-Sumqayıt yolunda tıxac hələ 3 gün də davam edəcək
Ölçü:



Dünən “20 Yanvar” dairəsi, Bakı-Sumqayıt yolu, Tbilisi və Ziya Bünyadov prospektlərindəki tıxacın əsas səbəbi insanların təmirlə bağlı məlumatsız olması idi.

Bunu Koordinat.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, təmir barədə mətbuata məlumat verilsə də, insanlar alternativ yollardan istifadə etməyib:

"İşlərin birinci günü olduğundan əksəriyyət məlumatsız idi və bu səbəbdən ajiotaj yaranmışdı.

Təmir işləri bu gün də davam edir, amma dünənki qədər sıxlıq yoxdur. Çünki insanlar alternativ yollardan istifadə edir”.

A.Nəcəflinin sözlərinə görə, qeyd edilən yollardakı tıxac hələ qarşıdakı 3 gün də davam edəcək:

“Hazırda körpü, tunel bağlı olduğuna görə nəqliyyat axını “Şamaxinka” istiqamətə yönəldilib. Nəticədə “20 Yanvar” dairəsi, Bakı-Sumqayıt yolu, Tbilisi və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə maneə yaradır.

Ərazidə yerləşən “Delfine” otelə qədər hissədə təmir 3 günədək davam edəcək. O hissədə təmir bitdikdən sonra “20 Yanvar” dairəsi, “Şamaxinka”dakı sıxlıq aradan qalxacaq”.
28.06.2018 11:14:20
Oxuma sayı: 418