Fermerlər taxılı biçməyə kombayn tapa bilmir
Ölçü:


Tərtərin Qazyan kəndindən olan Müşfiq Axundov deyir ki, pay torpağında əkdiyi taxıl üzun müddətdir yetişib, amma onu biçdirmək üçün kombayn tapa bilmir.

Fermer deyir ki, "əvvəlki illərdə kombayn çatışmazlığı bu dərəcədə deyildi, gecikmə olurdu, amma bu il heç tapılmır. Ən pis tərəfi də odur ki, taxılı vaxtında biçmədikdə məhsuldarlıq aşağı düşür".

Oxşar problemlə Tərtərin Hüseyinli kəndindən olan kəndlilər də qarşılaşıb. BBC News Azərbaycancaya danışan Abbas Həsənovun təbirincə, "aqrolizinqin kombaynları sanki qeybə çəkilib".

Onun sözlərinə görə, ətraf kəndlərə gediblər ki, kombayn tapıb gətirsinlər, ancaq oradan da əliboş geri qayıdası olublar.

Problemin olduğundan Kənd Təsərrüfatı Nazirliyi də xəbərdardır. "Aqrolizinq" Səhmdar Cəmiyyətinin şöbə müdiri İsrafil İsmayılov deyib ki, bu il taxıl biçinində olan kombayn çatışmazlığından xəbərdardır və bu işlə həm cəmiyyət, həm də nazirlik məşğul olur: "Azərbaycanda bu il 990 min hektardan çox sahədə taxıl əkilib. Bu əkinin 45 faizi arpadır, yerdə qalanı isə buğdadır. Aqrotexniki qaydalara görə, arpa buğdadan azı 1 həftə tez yetişir. Arpa bitkisi buğdaya nisbətən kövrək olduğundan biz bütün qüvvələri onun biçini üçün səfərbər etmişik".

İsrafil İsmaylov sözlərinə görə, onun qurumu rayonlarda fəaliyyət göstərən böyük şirkətlərə fərdi müqavilələr əsasında kombayn verir: "Qrokno şirkəti var, MKT şirkətinə 5 kombayn vermişik, Gilana 3 dənə kombayn verilib".

BBC News Azərbaycanca müxbirinin "Kombayn verilməsində öncəlik bu şirkətlərə verilirmi" sualına cavab olaraq, rəsmi deyib ki, Aqrolizinqin balansında olan kombaynlar pay torpaqlarının becərilməsi üçün istifadə olunur, şirkətlərə verilən kombaynlar isə "başqa kombaynlardır".

"Çətinliyimiz ondan ibarətdir ki, arpa biçini başlayan ərəfədə hava yağıntılı keçdi və bu səbəbdən də arpanın biçilməsində ləngimə yarandı. Buğda da arpa bitənə yaxın biçilməlidir, bu ərəfədə ayın 15-i 25-i arası arpa ilə buğdanın biçilməsi üst-üstə düşüb. Buna görə də buğda biçinində ləngimə oldu", o əlavə edib.

"Tərtərdə 18 kombayn var, onlardan 11-i lizinqdə olan kombayndır, 7 ədədi isə Aqrolizinqin rayon bölməsində olan kombaynlardır. Buna baxmayaraq, yenə orada əlavə 3 kombayn var, onu təmir edib bu gün işə salacağıq", şöbə müdiri deyir.

"Aqrolizinq"in şöbə müdiri vurğulayır ki, "cəmiyyətin idarəsində olan kombaynlar, ancaq pay torpaqlarındakı taxılın biçilməsində istifadə olunur. İri şirkətlərin və fərdi sahibkarın böyük torpaq sahələri üçün onlar əvvəlcədən ödənişlə müqavilə bağlayırlar və onlar üçün ayrı kombaynlar ayrılır. Bir hektar üçün də taxılın biçilmək qiyməti standart olaraq 30 manat hesablanır".

İsrafil İsmayılov deyib ki, vətəndaşların pay torpaqlarının əksəriyyəti pərakəndə yerləşir və bu da kombaynların həmin ərazilərdə biçin aparmasında vaxt aparan bir amildir: "Bu il arpa ötən ilə nisbətən 80-100 min hektar çox əkilib, ona görə də kombaynlar daha çox arpa ilə məşğul olub deyə, buğdaya çatdıra bilmədik".

İsrafil İsmayılov bildirib ki, "Aqrolizinq"də bu məsələ ilə əlaqədar qərərgah yaradılıb və hansı rayonlarda kombayn çatışmazlığı varsa, həmin yerlərə səfər edib vtəndaşlarla görüşürlər onların müraciətlərinə baxıblar.
27.06.2018 11:58:36
Oxuma sayı: 2957