Ağaclar daha çox hansı rayonlarda kəsilir? - Nazirlik rəsmisi açıqladı
Ölçü:



Ötən 2-3 ay ərzində Bakıda ağac kəsilməsi halları daha çox Suraxanı, Nəsimi, Xətai, Binəqədi, Yasamal rayonlarında qeydə alınıb.

Koordinat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ağac kəsilməsi halları azalsa da, belə hallar yenə də baş verir.

Bu məsələ ilə bağlı ictimai qınağın olmasını vacib sayan İ.İbrahimova qeyd edib ki, ağaclar daha çox sahibkarlar tərəfindən kəsilir: "Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması artıq dünyanın heç bir nöqtəsində qəbul edilmir. Bizdə də bu proses gedir, ətraf mühitə tədricən qayğıkeş münasibət formalaşır. Amma təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq”.

Nazirlik rəsmisi ölkədəki yaşıllıqlara həsr olunmuş mətbuat konfransında deyib ki, insanların ətraf mühitə, yaşıllıqlara münasibətinin dəyişdirilməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə böyük ehtiyac var: "Hesab edirik ki, yaşıllıqlara qarşı zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, onların biganəliyi ağaclara sevgi ilə əvəzlənməlidir. Uşaqdan böyüyədək yaşıllığın qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməli və məhəbbət göstərilməlidir. Bu mətbuat konfransında da məqsədimiz odur ki, məhz sizlərin köməyi ilə buna nail olaq. Bir ağacın yetişdirilməsi üçün minumum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və təsəvvür edin ki illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur”.

İradə İbrahimovanın sözlərinə görə, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var. Bu balans, bu tarazlıq saxlanılmalıdır”.

Nazirlik sözçüsü paytaxtda ən çox ağac kəsilən rayonların adını açıqlayıb: "Şikayətlər əsasən Nəsimi, Xətai, Sabunçu, Binəqədi, Suraxanı və Yasamal rayonlarından gəlir. Ən çox da ağac kəsimi fiziki şəxslər, yəni sahibkarlar tərəfindən həyata keçirilir. Hesab edirik ki, yaşıllıqların kəsilməsi hallarının qarşısının alınması üçün  hamılıqla sərt mövqe nümayiş etdirilməliyik, yaşıllığı məhv edənlər elə bir cəza almalıdır ki, ağac kəsmək niyyətində olanlar həm qorxsun həm də məsuliyyət hiss etsin. Məncə cəmiyyətin sərt münasibəti ilə birgə cərimələrin də dəfələrlə artırılması üsulu daha effektiv nəticə verə bilər. Milyonlarla sərmayə qoyub obyekt tikən sahibkar üçün 10, 15 min manat cərimə elə də çox məbləğ deyil”.
 
İradə İbrahimova ağac kəsilməsi ilə bağlı ən az şikayət olunan rayonların Qaradağ və Xəzər olduğunu deyib.
22.06.2018 11:49:00
Oxuma sayı: 257