Sabah Bakı, Şirvan və Naxçıvanda buraxılış imtahanları keçiriləcək
Ölçü:


Sabah Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771). Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur. XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
20.06.2018 10:09:00
Oxuma sayı: 208