Manat hansı halda dəyərdən düşə bilər? - 3 əsas amil
Ölçü:


Dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında  FED uçot dərəcəsini qaldırıb. Belə ki, gözlənildiyi kimi uçot dərəcəsi 0,25 faiz artırılaraq 1,75 - 2 səviyyəsinə yüksəldilib. Bu, il ərzində ikinci faiz artımı olub.

Koordinat.az
xatırladır ki, bundan əvvəl martın 21-də uçot dərəcəsi 1,5 – 1,75 səviyyəsinə qaldırılmışdı. 2 mayda isə bu göstərici sabit saxlanılmışdı.

Bəs, FED-in uçot dərəcəsini artırması Azərbaycan manatına necə təsir edəcək? Azərbaycanda dolların bahalaşması müşahidə oluna bilərmi? Manat dəyərini stabil saxlaya biləcəkmi?

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov Modern. az-a açıqlamasında deyib ki, FED uçot dərəcəsini qaldıran kimi dərhal ajiotaj yaranır: “Hamımız fikirləşirik ki, manat öz dəyərini itirəcək. Manatın dəyərini itirib-itirməməsinə  təsir edən başqa amillər var. Birinci hal  neftin qiyməti ilə bağlıdır. Hazırda neftin qiymətində ciddi azalmalar müşahidə olunmur. Yaxın vaxtlar üçün azalma gözlənilsə də, hələlik elə bir hal hiss etmirik. Düzdü, dünən Amerika prezidenti Donald Tramp  neftin qiymətinin çox yüksək olması ilə bağlı bəyanat verib.  Səudiyyə Ərəbistanına təsir etmə imkanları var. Ola bilsin ki, təsir etsin. Bugünkü reallıqda isə neftin qiyməti təxminən 70 dollardan yuxarıdır.

İkinci hal
idxal-ixrac əməliyyatları ilə bağlıdır. Azərbaycanda 4 ayın yekununa görə,  idxal-ixrac əməliyyatları təxminən 2,7 milyard müsbət saldo olub. Bu, çox müsbət haldır.

Üçüncü hal
isə odur ki,  Mərkəzi Bank pul kütləsinə  nəzarət mexanizmini daha da genişləndirib. Ciddi nəzarətə götürüb. Ehtiyatımız təxminən 43-44 milyard dollara yaxındır”.

Deputat əlavə edib ki, FED-in uçot dərəcəsini artırmasına baxmayaraq, milli valyutamızı təhlükə gözləmir.

“Gözlətilərim odur ki, bu il milli valyutamız ətrafında ciddi nəsə baş verməyəcək.  Milli valyutamız hələlik sabit saxlanılacaq”.

 
14.06.2018 12:20:24
Oxuma sayı: 115