Mənim son zəngim - məcburi köçkün müəllimin kövrək qeydləri
Ölçü:


Sabir MİRZƏYEV,
İbtidai sinif müəllimi

Son zəng hamımızın kövrək anımızdır. Uşaqlıqla, sevimli müəllimlərlə vidalaşırıq. Amma nə baş verdiyini hələ o qədər hiss etmirik...

Sonra arzulara doğru irəliləməyə çalışırıq, bəzən geri boylanıb arxada qalan illəri xatırlayırıq. Xatirələri vərəqləyirik.

Bir ailə kimi doğma olan sinif yoldaşlarımıznı xatırlayırsan. Onlardan özünə bir doğmalıq hiss edirsən. Gənclik - həyat dolu, arzu dolu bir dövrə, yeni həyata qədəm qoyursan. Yeni bir kollektivə düşürsən. Burda isə artıq byümüsən ,özünü bilən kimi aparırsan. Həm ailədən, həm də məktəbdən aldığın tərbiyə və təcrübə burada sənin köməyinə çatır...

Beləcə, illər bir-birini əvəz edir. Uşaqlığını xatırlayırsan. Yel qanadlı illərin nə tez ötüb keçdiyini düşünürsən. Amma bir zaman tez böyüməyi istəyirdin. İstəyirdin ki, böyüklərin sırasına qoşulasan. İndi isə əksinə, uşaq olmaq istəyirsən, özün də bilmədən səndən uzaqlaşan uşaqlıq illəri üçün darıxmağa başlayırsan...

Zaman isə...

Zaman heç də bizim istəyimiz kimi deyil, alın yazımız kimi davam edir. Düz 40-cı ildir ki, Son zəngi yola salmağa hazırlaşıram.

Son zəngim!

Mənim üçün sonuncu zəng doğma Kəlbəcərimizdə, toylu-büsatlı Başlıbel kəndində çalınmışdı - 1993-cü il aprelin 1-də. Dəlidağın dibində ən ucqar kənddə dədə-babalarımızın müəllimlərimizlə əl-ələ verib qurduğu MƏKTƏB bizlər üçün müqəddəs ocaq, gələcəyə işıq salan bir mayak olmuşdu...

Artıq 25-ci ildi ki, Başlıbel məktəbinin son zəngi çalınmır. Məktəbdən şagird nəfəsi, müəllim örnəyi duyulmur. İşğal olunmuş kəndimizdə məbədimizi - məktəbimizi erməni vandalları yandıraraq xarabalığa çevirib. Heç 25 ildir ki, Başlıbel seyidlərinin günəşi doğmur. Şəhid kəndimiz Başlıbel faciəsinin canlı şahidi oldu...

Düz 25 ildir kəndimizin uşaqları məskunlaşdığl yerlərdə gözlərində kədər, ürəklərində nisgil son zəng keçirirlər. Başlıbel kənd orta məktəbində Son zəngin hər cür təmtəraqdan uzaq sadə və təbii, amma bir ömür boyu yaddan çıxmayacaq qədər möhtəşəmliyini yalnız valideynlərindən eşidiblər. Onlar da üzünü görmədiyi, haqqında dumanlı təsvvürləri olan BAŞLIBEL MƏKTƏBİnin nostaljisi ilə böyüyürlər. Böyükləri 25 ildir doğma yurdlara qayıdacaqlarını səbirsizliklə gözlədikləri kimi...

Mənim üçün isə 10 il şagirdi olduğum, 40 il əvvəl ibtidai sinif müəllimi kimi fəaliyyətə başladığım Başlıbel məktəbi bir daha olmayacaq!

Bəli, düz 40-cı son zəngim çalınacaq ...

Doğma kəndimizdən, məktəbimizdən ayrılmağımın 25-ci Son zəngi çalınacaq. ilk müəllimim Qənaət Ağamirov, son sinif rəhbərim Hilal Qədimov...

Müəllimlərimin bir çox həyatda yoxdur artıq. Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət!

Həyat isə davam edir...

Çalışın, elə ömür yaşayın ki, geriyə baxanda peşmançılığınız az olsun, əziz məzunlar!

Son zənginiz növbəti uğurlarınızın başlanğıcı olsun!
14.06.2018 10:46:11
Oxuma sayı: 1510