Bu il XI sinifləri 83 min nəfər şagird bitirir
Ölçü:


2017/2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018/2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng"  tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!

13.06.2018 13:32:40
Oxuma sayı: 1279