Gömrük Komitəsi mətbuatla münasibətləri yenidən qurmaq istəyir
Ölçü:


Bu gün Dövlət Gömrük Komitəsi jurnalistlər üçün “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları" mövzusunda seminara start verib.

Koordinat.az xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Mətbuat şurasının sədri Əflatun Amaşov, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərləri və jurnalistləri iştirak edir. Komitə sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, seminar gömrük və media münasibətlərinə təkan verəcək: “İqtisadiyyatın inkişafında və fiskal siyasətin formalaşmasında gömrük xidmətinin rolu böyükdür. Dövlət Gömrük Komitəsinin iş prinsipi media ilə açıq və şəffaf əməkdaşlıq etməkdir. İnanıram ki, bu seminardan sonra jurnalistlərin gömrük xidməti haqqında məlumatları daha da təkmilləşdiriləcək. Gömrük xidməti il ərzində sərhəd keçid məntəqələrində 5.4 milyon insana xidmət göstərir. İstəyirik ki, media əməkdaşları gömrük xidməti orqanlarının fəaliyyəti ilə yaxından tanış olsun. Bu seminarın hər iki tərəf üçün faydalı olacağına inanıram. Gömrük xidməti jurnalistlərə elə imkanlar yaradacaq ki, onlar özlərini bir günlük də olsa gömrükçü kimi hiss edə bilsinlər. Jurnalistlər təkcə Gömrük Komitəsinin müəyyən etdiyi vaxtlarda yox, istənilən vaxt gömrük orqanlarının fəaliyyəti ilə tanış ola biləcəklər”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov seminarın həm gömrük orqanları, həm də ictimaiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki, gömrük orqanlarının gördüyü işlərin təbliğinə ehtiyac var, eyni zamanda bu ictimaiyyət üçün də maraqlıdır. Bu seminar jurnalistikanın ana problemi olan ixtisaslaşma məsələsinin həllinə də dəstək olacaq ”.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, medianın özü bu sahədə bilgilərə malik olmalıdır: “İndiyədək gömrük sahəsinin işıqlandırılmasında müəyyən çatışmazlıqlar var idi. Bu seminardan sonra bütün çatışmazlıqlar aradan qaldırılacaq”.

Arzu Nağıyev Gömrük Komitəsinin ölkə başçısının tapşırıqlarının yerinə yetirilməsində, habelə dövlət büdcəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
13.06.2018 12:37:00
Oxuma sayı: 1242