Dövlət büdcəsinin xərcləri artırılır
Ölçü:


2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəblər açıqlanıb.

Koordinat.az
xəbər verir ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin  daha da  artırılması,  ölkə əhalisinin həssas  sosial qruplarının  müdafiəsinin gücləndirilməsi (pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin,  dövlət büdcəsindən maliyyələşən təşkilatlarda  çalışan işçilərin əməkhaqqlarının  artırılması və digər sosial tədbirlərin  maliyyə təminatı) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən  bəzi neft yataqları (Ümid, Qarabağ və  Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin  aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının  artırılması,  idxal olunan təbii qazın “Azərenerji”  ASC-nin müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə  turizmin  inkişafı, yol infrastrukturlarının  tikintisi və  yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi,  bəzi infrastruktur və  sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri  dövlət vəzifələrinin  yerinə yetirilməsi ilə bağlı  əlavə maliyyə  təminatının  formalaşdırılması  üçün ehtiyac yaranıb.

Yuxarıda sadalanan tədbirlərin  həyata keçirilməsi  üçün tələb olunan əlavə vəsaitin 2018-ci il  üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir.

Beləliklə, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün  2018-ci il  dövlət büdcəsinə yenidən baxılması  zərurəti yaranıb.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.
13.06.2018 11:04:00
Oxuma sayı: 152