Məmurların uşaq bağçası biznesi - “Kids studio”dakı özbaşınalığın izi ilə
Ölçü:


Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Koordinat.az
xatırladır ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Sosiaal şəbəkələrdə aparılan müzakirələrə görə, bağça indiyədək lisenziyasız fəaliyyət göstərib. Bu və bu kimi məsələlərə aydınlıq gətirilməsi üçün rəsmilərə və ekspertlərə müraciət etdik.

 

“Özəl bağçalara lisenziyanı Bakı Şəhər İcra Hakimiyyəti vermir”

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum özəl bağçalara nəzarət fəaliyyətini həyata keçirmir: “İcra Hakimiyyəti dövlət bağçalarına nəzarət edir. Onlara da lisenziya verilməsi nəzərdə tutulmur. Amma özəl bağçalara nəzarətin hansı qurum tərəfindən icra olunduğunu dəqiq söyləyə bilmərik. Bizdə olan məlumata görə, özəl bağçalara nəzarət ya Təhsil Nazirliyi, ya da Daxili İşlər Nazirliyinin hansısa şöbəsi tərəfindən verilir. Bizdə bu barədə dəqiq məlumat yoxdur”.

“Kimsə yaxasını kənara çəkməsin”

Təhsil eksperti Kamran Əsədov isə Modern.az-a açıqlamasında bir çox suallara aydınlıq gətirib. Ekpert bildirib ki, ölkədə hər hansı hadisə baş verən kimi şablon olaraq “müəssisə qeydiyyatsız fəaliyyət göstərib”, yaxud “həmin şəxs işdən çıxarılıb”, yaxud “bizdə bu adda adam çalışmır” və s. açıqlamları verilir: “Azərbaycan Respublikasının qanunvercilik aktlarına görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçən fiziki və hüquqi şəxsə xidmət göstərmək hüququ verilir. Lisnziyadan keçib ya da keçməmək həmin bağçanın fəaliyyət göstərib-göstərməməsinə hüquqi zəmin yaratmır. Lisenziyadan keçmək könüllülük prinsipi əsasında baş verə bilər. Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına görə, Azərbaycan dövləti sahibkarlığı dəstəkləyir və heç kimin fəaliyyət sahəsinə məhdudiyyət tətbiq edilə bilməz. Ona lisenziyanın verilib-verilməməsi qanun pozuntusu  sayılmır. Bu baxımdan kimlərsə ““Kids studio” bağçası lisenziyasız fəaliyyət göstərirdi” deməklə məsuliyyəti üzərindən atmasın”.

“94 özəl bağçadan 20-nin lisenziyası var”

Ekspert deyib ki, hazırda Vergilər Nazirliyində qeydiyyatdan keçmiş 94 özəl uşaq bağçası fəaliyyət göstərir: “94 uşaq bağçasından cəmi 20-si lisenziya alıb. Bu da könüllülük prinsipləri əsasında. Lisenziya almaq üçün 1600 manatadək vəsait ödənişi tələb edilir. Bilirik ki, bəzən lisenziya verilməsində şəffaflıq təmin edilmir. Amma konkret olaraq lisenziya verilməsi üçün tələb olunan şərtlər olduqca ağırdır və bu, biznes maraqlarına ziddir.

Ümumilikdə istənilən hüquqi və fiziki şəxs vergi qeydiyyatından keçərək, bağça və digər xidmət sahəsində fəaliyyət göstərə bilər. Bu gün heç bir qurum yaxasını kənara çəkməsin ki, “biz lisenziya verməmişik”, yaxud “bağçanın fəaliyyətindən xəbərsiz idik”.

O bağçaların hər biri vergi ödəyicisi kimi qeydiyyatdan keçib, Azərbaycan dövləti də sahibkarların yanındadır. Bu hadisə əlbəttə, təəssüf doğuran məqamdır. Amma bu kimi hallarda mütləq şəkildə “qurumun fəaliyyəti dayandırılmalıdır” fikri əsas meyar olmamalıdır. Onda belə çıxır ki, hansısa bağçada bu kimi fakt olan kimi, bağçanı bağlamalıyıq?..

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsində bu kimi zorakılığa qarşı cəza tədbirləri nəzərdə tutulub. Biz isə qanunları kənara qoyub, məsələni icitmai qınağa çeviririk. Cinayət Məcəlləsinin  126-cı maddəsində ictimai ittiham əsasında şikayət nəzərdə tutulan halda, qurum fəaliyyətini dayandırmalıdır. Onda belə çxıır ki, hər kəs 5-3 nəfəri ətrafına yığıb kimdənsə şikayət edib fəaliyyətini dayandıra bilər? Xeyr! Bu halı törədən şəxs birbaşa özü məsuliyyət daşımalıdır. Qanunvericilikdə bunun üçün cərimə cəzası, islah işləri, ən son anda onun işdən çıxarılaraq həbs edilməsi nəzərdə tutulub”.

“Bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir”

K.Əsədov dövlət və uşaq bağçalarının vahid mərkəzdən idarə olunmasını təklif edib: “Problem bundadır ki, Azərbyacanda özəl bağçalara nəzarət sistemi yoxdur. Oradakı təhlükəsizlikdən, qidalanmadan, kadrların bu sahəyə nə qədər yaralı olub-olmamalarından xəbərsizik. Problemin kökü odur ki, özəl bağçalar nəzarətsizdir.

Hər kəs bir bina götürür, vergi qeydiyyatından keçirir və reklam vasitəsilə çox sayda insan cəlb edərək, fəaliyyət göstərir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansına verilməlidir. Ona görə verilməlidir ki, vahidlik prinsipi qorunsun. Yəni ibtidaidən aliyə qədər vahid mərkəz tərəfindən idarə olunsun. Yəni bu, o qənaəti formalaşdırmasın ki, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində hər şey əladır, yaxud məktəblərdə vəziyyət o qədər ürəkaçandır ki, bağçaları da düzəldəcəklər. Biz Təhsil Nazirliyinin özünün tabeliyində olan təhsil müəssisələrində keyfiyyət artımını gözləyirik.

Sadəcə vahidlik prinsipi baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasının tərəfdarıyam. 2011-ci ildən bağçalar İcra hakimiyyətlərinin balansına verildi və fəaliyyətləri tamamilə nəzarətsiz hala düşdü. Düşünürəm ki, bağçalar, digər dünya ölkələrində olduğu kimi, ayrıca bir qurumun tərkibinə verilməli, amma o qurum ümumilikdə Təhsil Nazirliyinin nəzdində olmalıdır. Necə ki, diplomların tanınması və akreditasiyası, peşə təhsili nazirliyə tabe olan ayrıca bir qurum tərəfindən idarə olunur . Eynilə məktəbəqədər təhsil müəssiələri, uşaq bağçaları, körpələr evi, internat evləri də vahid qurum tərəfindən idarə olunmalıdır ki, oradakı şəxslərin nə qədər təhsilə yararlı olub-olmadığını müəyən edə bilək. Biz bilmirik o müəssisələrdə nə qədər qida zəhərlənmələri olur, təhlükəsizlik məsələlərinə nə qədər riayət olunur və s”.


Özəl bağçalar kimindir?..

Ekspert özəl bağçaların əksəriyyətinin məmurlara məxsusluğunu və onlara müdaxilənin mümkünsüz olduğunu diqqətə çatdırıb: “Özəl bağçalar ictimaiyyətə açıq deyil. Dövlət bağçaları açıqdır, biz vaxtaşırı bu yöndə müzakirələr aparırıq. Amma özəl bağçalar bir çox hallarda məmurlara, bu və digər vəzifəli şəxslərə, İcra Hakimiyyətlərinin şəxsi fəaliyyətlərinə bağlı olduqlarına görə onlara müdaxilə etmək olmur. Özəl bağçalar birbaşa məmurlara tabe olduğu üçün onlara müdaxilə etmək çətindir. Bu kimi problemlərin aradan qaldırılması üçün dövlət və özəl bağçalar vahid qurum tərəfindən idarə edilməlidir. İstər rəhbər işçilərə, istərsə də digər işçilərə fəaliyyətinin yararlılığı ilə bağlı lisenziya verilməlidir. Amma bu fəaliyyət lisenzityası biznes mühitinə zərbə vurmamalıdır”.
12.06.2018 11:29:25
Oxuma sayı: 2931