Xalq etirazları Moskvanı bürüdü - cempionatqabağı vəziyyət gərginləşir
Ölçü:


İyunun 10-da Moskvanın mərkəzində Rusiyada insan haqları pozuntularına kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar siyasi məhbusların buraxılmasını tələb ediblər.

Koordinat.az
xəbər verir ki, “Repressiyasız və Özbaşınalıqsız Azad Rusiya uğrunda” adlı yürüşün iştirakçıları Moskvanın Saxarov prospektinə yığışıblar. Sabah – iyunun 12-də isə Rusiya Günü qeyd olunacaq. Bu arada Rusiya iyunun 14-dən iyulun 15-dək futbol üzrə dünya çempionatına ev sahibliyinə hazırlaşır.

Polis icazəli nümayişə 1700 nəfərin çıxdığını, təşkilatçıların bu rəqəmin 5 min nəfər olduğunu bildirirlər.

Bəzi etirazçılar əllərində ukraynalı kinorejissor Oleq Sentsovun portretini tutublar. Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsinə qarşı çıxan Sentsov hazırda Rusiya həbsxanasında aclıq aksiyası keçirir. O, mayın 14-dən aclıq edir, Rusiyada saxlanmış 64 ukraynalı vətəndaşın azadlığa buraxılmasını tələb edir.

“OVD-Info” müstəqil təşkilatı dünənki nümayişdə iki nəfərin saxlandığını bildirir. Onların arasında fəal Darya Polyudova da var. O, 2014-cü ilin mayında Rusiyada separatçılıqla bağlı qanun qüvvəyə minəndən sonra həmin maddəylə cəzalandırılmış ilk şəxs olub.

2015-ci ildə iki illik həbsə məhkum edilmiş Polyudovanı Memorial insan haqları qrupu vicdan məhbusu elan edib. Moskva etirazından öncə veteran insan haqları fəalı Lev Ponomaryov deyirdi ki, nümayişin məqsədi “ölkədə vətəndaşların fundamental insan hüquq və azadlıqlarının pozulmasıyla əlaqədar katastrofik vəziyyətə diqqət çəkməkdir”.

Yürüşə müxalifətçilər Gennadi Qudkov və Sergey Udaltsov, insan haqları müdafiəçisi Svetlana Qannuşkina da qatılıb.

Putin ötən ay növbəti prezidentlik müddətinə başlayıb. Tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildiriblər. (Azadlıq Radiosu)
11.06.2018 11:32:00
Oxuma sayı: 321