Azərbaycan hökuməti NİDA-çı gənclərə kompensasiya ödəyəcək - Avropa Məhkəməsi qərar çıxartdı
Ölçü:


İyunun 7-də Avropa İnsan Hüquqları məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA VH-nın İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib. Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Koordinat.az xəbər verir ki, məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb. Hər birinə mənəvi zərərə görə 20.000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib. Qərarda göstərilir ki, gənclərin hüquqları yerli məhkəmələr tərəfindən pozulub.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA vətəndaş hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb. Onların bir üzvü İlkin Rüstəmzadə isə hələ də həbsdədir.
08.06.2018 12:09:52
Oxuma sayı: 1146