Qulu Məhərrəmli İTV-nin yeni rəhbəri barədə: "İntellektualdır, işgüzardır, bacarıqlıdır"
Ölçü:


"Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi indiki solğun televiziya mühitimizdə müsbət hadisədir. “Çto, qde, koqda”, “Breyn rinq” kimi baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balakişi Qasımov intellektualdır, işgüzardır, bacarıqlıdır".

Koordinat.az xəbər verir ki, bunu tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli İTV-nin rəhbərliyindəki kadr dəyişikliklərini şərh edərkən bildirib. O qeyd edib ki, adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar TV istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər: "Balakişi Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir. Biz də məhz bu gərəkli keyfiyyətlərinə görə Balakişi Qasımovun ictimai televiziyanı düçar olduğu mənəvi-əxlaqi və yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirik. Təbii ki, oradakı ciddi problemlərin və çirklənmiş atmosferin yeni rəhbər üçün ciddi maneə olduğunu da nəzərə almalıyıq".

Qulu Məhərrəmli  İTV-nin yeni rəhbərinə fəaliyyətində uğurlar arzulayaraq bildirib: "Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı dürüst, maarifləndirici və plüralist TV-yə ehtiyacı var".
08.06.2018 11:57:59
Oxuma sayı: 1308