“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı
Ölçü:


“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, regionlarda telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi üçün mühüm işlər aparılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Koordinat.az-a verilən məlumata görə “Aztelekom” MMC tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində internet istifadəçilərinin və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunur. “Aztelekom”un intenet istifadəçilərinin sayı 250 000 nəfərə çatıb. 250 000-ci istifadəçi Şəki şəhər sakini Rübabə Abdullayevadır. Bu münasibətlə, ona “Aztelekom” tərəfindən noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.

Qeyd edək ki, bu il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilib. Nəticədə, “Aztelekom”un internet istifadəçilərinin sayı 25% artıb.

24.11.2017 15:38:00
Oxuma sayı: 241