ŞOK: İTV-nin pullarını AZTV-nin sədri idarə edirmiş - maliyyə fırıldağının üstü açılır
Ölçü:


İTV-nin yeni baş direktoru Balakişi Qasımov TV-də ciddi kadr dəyişiklikləri ilə yanaşı, araşdırma və islahatlara da başlayıb.

Koordinat.az
xəbər verir ki, araşdırmalar əsasən maliyyə məsələləri ilə bağlıdır. "BakuPost"un yaydığı məlumata görə, yeni rəhbərlik iş başına keçər-keçməz əməkdaşlara verilən maaşlar və qonorarlarla maraqlanıb. Əmək haqlarının az olduğunu bildirən yeni rəhbərliyin araşdırması zamanı "qonorar maxinasiyası” da üzə çıxıb. Məlum olub ki, TV-nin bel sütunu olan "Carçı” informasiya departamentinə ayrılan aylıq büdcə düzgün bölüşdürülməyib. Belə ki, keçmiş baş direktor İsmayıl Ömərovun vaxtında şöbə əməkdaşlarına verilən 200-300 manatlıq qonorar sonradan 50-100 manata kimi endirilib. Konkret olaraq, müxbir və redaktorlara maaşdan əlavə 69 manat qonorar verilirmiş.

İTV əməkdaşlarının sözlərinə görə, bu rəqəm İ. Ömərovun dövründə 200 manatdan yuxarı olub. Lakin İTV və buradakı büdcə məsələlərinə nəzarət AzTV sədri Arif Alışanovun əlinə keçdikdən sonra, qonorarların məbləği də azaldılmağa başlayıb.

Xatırladaq ki, bir müddət əvvəl BakuPost "Carçı”da maliyyə məsələlərinə Alışanovun adamı Şahin İbrahimovun nəzarət etdiyi barədə MƏLUMAT yaymışdı. Xəbərdə bildirilirdi ki, Ş. İbrahimov hansı müxbirin hansı çəkilişə gedəcəyini müəyyən edir və "pullu çəkilişlər”dən gələn məbləğləri özü götürür. Yeni rəhbərlik gəldikdən sonra isə Ş. İbrahimov "zərərsizləşdirilib”. Onun otağındakı seyf götürülüb və demək olar ki, TV-də heç bir səlahiyyəti, hətta işi də yoxdur.

Alışanovun adamı TV-yə demək olar ki, gəlmir. O arada bir şirkətdə görünür, sonra yenidən yoxa çıxır. İddia olunur ki, onun TV-yə gəlməsinin səbəbi də məhz maliyyə araşdırmalarıdır. Ş. İbrahimov uzun müddət maliyyə məsələlərinə nəzarət etmiş şəxs kimi sorğu-suala çəkilir.

Bir neçə dəfə rəhbərliyə işdən çıxmaq üçün ərizə ilə müraciət etsə də, Ş. İbrahimovun istəyi qəbul edilməyib. Bildirilir ki, rəhbərlik ondan konkret faktlar almadan işdən çıxmasına icazə vermək istəmir. Bu araşdırmalar zamanı o da məlum olub ki, Alışanovun İTV-dəki "kassir”i müxbir və redaktorların 69 manatlıq qonorarının fonunda özünə aylıq 1900 manat qonorar yazırmış.

Bundan başqa, İTV-də may ayının maaşları və qonorarları da gecikib. Adətən hər ayın 1-dən gec olmayaraq hesablara yatan maaş bu ay 5 gün gecikib. Şirkət işçilərinin maaşının gecikdirilərək iyunun 5-də, yəni dünən verilməsinin səbəbi kimi də maliyyə araşdırmaları göstərilir.

İTV-də baş verənlər bununla da bitmir. Əldə olunan məlumatlara görə, araşdırmalar zamanı məlum olub ki, İTV-nin ştatında kanalda heç vaxt heç kimin görmədiyi şəxslər var. Yeni baş direktor bu kimi faktların tez bir zamanda ortalığa çıxarılması üçün konkret tapşırıqlar verib.
06.06.2018 13:48:00
Oxuma sayı: 1045