Azərbaycan alimləri Tatarıstanda elmi ezamiyyətdə olublar - FOTOLAR
Ölçü:


Son vaxtlar Azərbaycan alimlərinin xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirakı xeyli genişlənib. Bu yaxınlarda Rusiya Federasiyası Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin yaradılmasının 28 illiyinə həsr edilmiş tədbir keçirilib.

Koordinat.az
xəbər verir ki, təntənəli mərasimdən sonra həmin universitetin təşkilatçılığı ilə  “Fənnlərarası tədqiqatlara həsr olunmuş” seminar təşkil olunub. Seminarda Azərbaycan alimlərindən AMEA Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynov və Azərbaycan Texniki Universitetinin Humanitar fənnlər kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əyyub Kərimov iştirak ediblər. Tədbirdə çıxış edən Sakit Hüseynov və Əyyub Kərimov əvvəlcə, Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin yaradılmasının 28-ci ildönümü münasibətilə universitetin müəllim və tələbə heyətini təbrik etmiş, sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər.

Azərbaycan alimləri cəmi 23 ay fəaliyyət göstərmiş AXC-nin ictimai həyatın bütün sahələrində, o cümlədən siyasi-iqtisadi, təhsil və hərbi sahələrdə gördüyü mütərəqqi işləri seminar iştirakçılarına çatdırıblar. Seminar iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədbir iştirakçılarının suallarına cavab veriblər.  

Bundan sonra Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin rektoru Alfinur Qaliəkbərova AXC-nin yaradılmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik etmiş və Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında elmi və pedaqoji əlaqələrin getdikcə daha geniş inkişaf etdiyini vurğulayıb.
 
Seminarda Sakit Hüseynov Kazan Universitetinin Şərqşünaslıq fakültəsinin banisi “Mirzə Kazım bəyin nümunəsində tədrisin metodikası”, Əyyub Kərimov isə “Multikulturalizm və tolerantlığın azərbaycan modeli” mövzusunda Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti qarşısında mühazirə oxuyublar.

Mayın 31-də isə alimlərimiz Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda məruzə ilə çıxış ediblər. Onlar universitet rəhbərliyinə və tatar xalqına göstərdikləri qonaqpərvərliyə təşəkkürlərini bildiriblər.

Azərbaycan və Tatarıstan alimlərinin əlaqələrinin genişlənməsindən danışan Naberejnıe Çelnı Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Qalaqudina Azərbaycanın, o cümlədən Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qeyd edib, Azərbaycan xalqının qonaqpərvərliyiindən və yüksək mədəniyyətindən danışıb.

Qeyd edək ki, Azərbaycan alimlərinin xarici ölkələrdəki çıxışları Azərbaycan reallığının dünya ölkələrində təbliğ edilməsində mühüm rol oynayır.




06.06.2018 10:32:36
Oxuma sayı: 1782