Bura vətəndir - Cəbrayıldan reportaj - FOTOLAR
Ölçü:


Orda itlərin hürüşü də doğmadır...

 Gecəni səhərəcən çimir eləməmişdim, səhər tezdən yola çıxmalı idim. Bu yol həmişə çıxdığım yollardan deyil, bu yola çıxmaq üçün...

Necə ifadə edim ki, onu, söz acizdir elə bilirəm, desəm 25 il həsrətlə gözləmişəm, için-için qovrulmuşam – kimsə elə bilər gəlişi gözəl sözlər tapıb düzürəm bir-birinin ardınca. Bircə onu deyim ki, həsrətlərin ən nisgillisi yurd həsrətidir – bunu 25 ildir çəkənlər yaxşı bilir, bilməyənlərə Tanrı heç qismət eləməsin.

Səhər durub çıxacağım yol əslində məni doğulub boya-başa çatdığım, hər döngəsi, bərəsi, küçəsi, yovşanı, tozu əziz olan yerə aparmayacaqdı, ora hələ də işğal altındadır, amma ona yaxın gedəcəkdim, yurdumun havasını ciyərlərimə çəkib, aydın səmasını seyr edəcəkdim. Bəlkə hündür yerə çıxsam evimizi də görəcəm deyə - yuxum ərşə çəkilmişdi.


Tezdən Bakının  çiskinli küləyində vədələşdiyimiz vaxtdan da tez gəlib gözlədiyim Lökbatan dairəsində mindiyim aftobusda indi sizə dediyim fikirləri qızlardan bir-bir eşitdim. Hamısı, həyəcandan gecəni yatmamışıq, dedilər.

Bir qrup Cəbrayıl ziyalısı, əksəriyyəti cavanlar, bir-neçə nəfər böyüyümüzlə, hardasa 20-25  nəfər  yurdumuza tərəf yola çıxdıq.


Saatlı... Sabirabad... İmişli... Biləsuvar... Bəhrəmtəpə... Sonra Füzulinin kiçik, böyük Bəhmənliləri, yavaş-yavaş üst paltarlar çıxır əynimizdən, içimə ilıq yaz günəşinin şüaları elə süzülür ki... zövq alıram, uzun illərdən sonra  ilk dəfədir günəşin məlhəm şüalarından ruhumun qidalandığını hiss edirəm.  Hə... çoxdan bunu yaşamamışam. Uşaqlıqda, Maralyanda, həyətimizdəki yaşantıdır, indi dadıram təzədən. Özümü qınayıram ki, niyə bu qədər qalın geyinmişəm, insan heç öz torpağında üşüyər, heç soyuqlayar?

Horadiz... Və Cocuq Mərcanlı... Bir vaxtlar həsrətlə baxdığımız Güney Azərbaycanın dağları görünür, kəndimizdən o dağlara baxıb o qədər köks ötürərdim ki, o dağlardan obamız daha yaxşı görünər. Kaş, indi də ordan baxaydım,  deyirəm. Yalnız divarları qalmış evlər yaşıllığın, baxımsız yaşıllığın içindədir. Çayın şırıltısı qulaqlarıma süzülür, Qarama deyərdik adına, şor, dupduru suyu olur, içində su qıjısı bitir, qazayağı da. Birincisi yeməlidir, ikincisi yox.

Avtobusun qarşısından itlər hürüşə-hürüşə keçir, elə bilirəm burda itlər də fərqli hürür, daha doğma gəlir səsləri, düşüb onları da qucaqlamaq keçir könlümdən. Bəlkə, onlar bizim kənd tərəfdən gəlirlər...

 


Ramilə Qurbanlı,
 kulis.az
18.04.2016 13:37:47
Oxuma sayı: 733