Gürcüstanın demokratiya dərəsi - FOTO
Ölçü:

Şahin CƏFƏRLİ,
Politoloq

Gürcüstanın baş prokuroru istefa verib. Səbəb ötən ilin dekabrında Tiflisdə David Saralidze və Levan Dadunaşvili adlı 16 yaşlı yeniyetmələrin öldürülməsi ilə bağlı cinayət işinin obyektiv araşdırılmasına zərərçəkən tərəfin və ictimaiyyətin şübhə duymasıdır.

Bu gün məhkəmə iş üzrə təqsirləndirilən 2 nəfərin barəsində hökm çıxarıb. Dadunaşvilinin qatili cəza alsa da, Saralidzeni kimin öldürdüyü aydınlaşmayıb. Hökmdən narazı qalan D.Saralidzenin atası Zaza bu gün öz qohumları ilə Baş Prokurorluğun binası qarşısında etiraz aksiyasına başlayıb. Siyasi və ictimai fəallar da ona qoşulublar. Z.Saralidze bildirir ki, cinayətin iştirakçılarından biri prokurorluğun keçmiş əməkdaşının oğludur, bu səbəblə istintaq obyektiv aparılmayıb və həmin gənc məsuliyyətdən yayındırılıb.

Məsələ böyüdükdən sonra bu gün axşam saatlarında baş prokuror İrakli Şotadze istefaya getdi. Amma camaat yenə məmnun qalmadı və bu dəfə Rustavelidəki parlament binasının önünə toplaşdı. (Gördüyünüz foto bir az əvvəl orada çəkilib.)

İndi bu hadisədən hansı nəticələri çıxarmaq olar?

Əvvəla,
Gürcüstanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hökumət üzərində ciddi ictimai nəzarət qurulub. Bir fərdə, bir ailəyə qarşı ədalətsizliyi "bu gün ona, sabah mənə" düşüncəsi ilə bütün cəmiyyətin ortaq problemi kimi qavrayan duyarlı və yetkin bir toplum var.

İkincisi,
sərbəst toplaşmaq azadlığı dekorativ yox, real şəkildə təmin olunub. Dövlət binalarının qarşısına toplaşıb etiraz edənlər bilirlər ki, öz konstitusion hüquqlarından istifadə etdikləri üçün başlarına bir şey gəlməyəcək.

Üçüncüsü, ölkədə istefa mədəniyyəti formalaşır. Qətl işi üzrə istintaq başlayanda Saralidze ailəsinin günahlandırdığı gəncin prokuror atası Qərb ölkələrinin praktikasında olduğu kimi, istintaq müddətində istefaya gedib. İndi də baş prokuror...

Aydındır ki, Gürcüstan hələ Qərb demokratiyasının standartlarından uzaqdır, amma bu lokal hadisədən də görürük ki, indiyədək qət etdikləri məsafə heç də az deyil. Bu, avrointeqrasiya sayəsindədir.

...1918-ci ilin iyununda Milli Şuranın özünü buraxdığı hüznlü iclasda Rəsulzadə MŞ üzvlərini ruhlandıran nitq söyləmiş və belə bir cümlə işlətmişdi: "...Hətta əfəndilər, mən qeyd etmək istərdim ki, Azərbaycan Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan daha xoşbəxt olacaq..."

Mən də ümidliyəm ki, nə vaxtsa belə olacaq, vətəndaş hüquq və azadlıqları sahəsində ən azı Gürcüstanın səviyyəsinə yetişəcəyik, sonra da onları ötüb, Avropa standartlarına yaxınlaşacağıq. Azərbaycan ən qürur duyduğumuz bayramda insanların toplu halda gəzintiyə çıxdıqlarına görə cəzalandırıldığı ölkə olmamalıdır.

P.S. Yazıda toxunmadım, Gürcüstanın hakim komandası daxilində rəqabət və mübarizə də gedir, bu, başqa söhbətin mövzusudur.
31.05.2018 23:54:00
Oxuma sayı: 405