Gürcü-rus münasibətlərinin istiləşməsi Bakıya nə vəd edir? - Zahid Oruc yazır
Ölçü:


Zahod ORUC,
Millət vəkili

Dövlət müstəqilliyinin 100 illliyini qeyd edən Gürcüstan xalqı 1918-ci ildən sonrakı regional və beynəlxalq vəziyyətin indiki şəraitlə bir çox oxşarlıqlarını yaxşı görürlər.Çarizmin süqutundan sonra Kayzer Almaniyasının 30 minlik ordusuna özünü təslim edən bir ölkənin rəhbərləri Avstriya-Macarıstan və Osmanlı imperiyalarının süqutundan sonra yenidən işğal təhlükəsi qarşısında qalmalarını anlayırdılarmı? Doğrudur, bolşevik işğalı Zaqafqaziya respublikalarının milli hökumətlərinin hansı siyasət yürütməsindən asılı deyildi,lakin hazırki gürcü hökumətinin yerləşdiyi bölgənin bətnini yarıb dünyaya çıxmaq istəməsi və Qərbin Cənubi Qafqazdakı qalası kimi möhkəmlənməsi düz bir əsrdir davam edən imperialist savaşını onların xeyrinə həll etmir.

İnformasiya vasitələrində son günlər xüsusi təhlil edilən Abaşidze-Karasin görüşü nəinki 2008-ci ildə tarixə 5 günlük müharibə kimi düşən silahlı toqquşmaların, eləcə də yuxarıda qeyd etdiyimiz çoxəsrlik qanlı tarixin girovluğunda qalmaqda davam edir.Məgər, Rusiya xarici siyasət idarəsinin 2-ci adamı ilə rəsmi Tiflisin mandat verdiyi peşəkar diplomatı “kiçik addımlarla” irəli getmək istəyərkən yolun nə qədər uzun və təhlükəli olduğunu dərk etmirlər? Əlbəttə ki, hər iki dövlət təmsilçiləri başa düşür ki, münasibətləri düşmənçilik səviyyəsinə çatdıran təkcə qızılgül inqilabının lideri Mixail Saakaşvili deyildi.SSRİ-nin çöküşündən sonra hakimiyyətə gələn millətçilər, daha sonra sovetlərin sonuncu Xarici işlər naziri Eduard Şevardnadzenin Rusiyadan yan keçərək, fərqli siyasi formasiya və Moskvadan ayrı təhlükəsizlik sistemi yaratmaq cəhdləri üfüqdə hərbi toqquşmalara aparırdı.Ona görə də bir həftə öncə Praqada keçirilən danışıqlar son 30 ilin problemlərini çözmək iqtidarında deyil.Ticarət dövriyyəsinin xeyli artması, gürcü mənşəli malların buraxılışına olan maneələrin aradan götürülməsi və turistlərin sayının əvvəlki illərlə müqayisədə qat-qat artaraq 1.4 milyona çatması yaranmış labirintdən çıxış yolu sayıla bilməz.Hətta yeganə ticarət dəhlizi olan Kazbeqi-Lars yoluna alternativ olaraq, Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımaçılığının bərqərar olunması üçün 2011-ci ildə imzalanan razılaşma istiqamətində son görüşlərdə əldə olunan tərəqqi belə Moskva və Tbilisi arasında normallaşmaya kifayət etmir.Nə üçün? Çünki hamı bilir ki, iki ölkə arasında fundamental problemləri çözmədən dönüşə nail olmaq mümkün deyil. Təkcə elə son fakt yandırılmış körpülərin bərpası tərəfdarlarına zərbədir.Təsəvvür edin, Karasin və Abaşidze Çexiyanı tərk edərək, yüngül istiləşmə bəyanatları və xəfif yaxınlaşma açıqlamaları verdikləri bir vaxtda ərazisi beynəlxalq qoşunlar tərəfindən zəbt olunan və siyasi xəritədə vahid dövlət kimi qalması sual doğuran Suriya rejimi separatçı subyektləri tanıdığını elan etdi. Söz yox ki, bununla Əsəd hakimiyyəti öz vəziyyətini Qərbin nəzərində daha da pisləşdirdi, belə ki, onun ərazi bütövlüyünə zərbə vuran addımlar atması hakimiyyətini çətin vəziyyətdə qoyur və xalqını müdafiə etmək beynəlxalq hüquqa istinad edən bir adamın arqumentlərini pusa çıxarır. Kremlin gözündə ucalmaq istəyi belə əməllərin təkraralanacaöı qorxusunu artırdığından və Yaxın Şərqdən ixrac olunan təhlükələrin Gürcüstana keçmə ehtimalları gücləndiyindən “Gürcü arzusu” iqtidarı Avroatlantik İttifaqına daha çox can atır.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın yeni dövlət katibi Maykl Pompeo ölkəsinin Tiflisi NATO sıralarına almağa hazırlaşdığını bəyan etdi.Gündəliyi qlobal problemlərlə zəngin olan Ağ Evin Qafqazlara belə maraq göstərməsi təsadüfi deyil.Çünki Ermənistandakı son olaylar sübut edir ki, regionu yenidən ələ götürmək mübarizəsi intensivləşib.Paşinyanla son görüşlərin qrafikinə nəzər salaraq dediklərimizə şahid olmaq mümkündür. Amerikalı yüksək çinli diplomat Bricit Brinklə fransalı xarici işlər naziri Jan Drian eyni vaxtda İrəvana səfər etmişdilər.Okenanın o tayında isə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Mixail Canelidze ölkəsinin Şimali Avroatlantika ittifaqının standartlarına çatmaq yolunda böyük məsafənin qət etdiyini bildirərək, qarşıdakı iyul sammitində üzvlük məsələsinin qoyulacağını qətiyyətlə söylədi.
İndi təsəvvür edin, Ukrayna ətrafında gərginliyin son aylar artdığı bir vaxtda NATO-nun növbəti genişlənmə qərarı və dünyanın ən güclü hərbi-siyasi alyansının növbəti postsovet ölkəsini qanadları altına aldığı zamanda hansı mənfi ssenarilər işə düşə bilər? Təsadüfi deyil ki, Karasin qeyri-regional mərkəzlərin gəlib onların aulunda yerləşməsini Moskvanın maraqlarına zərbə sayır və adekvat addım atacaqlarını açıq bəyan edir.Yəni, bir hərbi çətirin altına girirsənsə, digərindən gələn həyəcan siqnalına hazır olmalısan.Deməli, hər zaman iki qütbün konfrontasiyası arasında oynamaq avtomatik uğuru şərtləndirmir.Əksinə, hamı yaxşı bilir ki, Rusiya və Gürcüstanın təhlükəsizlikləri bir-biri ilə bağlıdır.Birinin ziyanı digərində də əksini tapır.Kiminlə olmaq sualına cavab vermək təhlükə gətirir. Əlbəttə, seçim arzunu dilə gətirə bilərsən, ancaq ziddiyətlər qurşağında özünə nəfəslik düzlətmək səni girova çevirəcək.Hər halda keçmiş təcrübəyə baxanda görürsən ki, nə qədər Qərbin ön cəbhəsi-forpostu olmağa çalışsan da daxili problemləri özün həll etməlisən.Axı onsuz da Mişa müxtəlif provokasiyalara əl atdı ki, ABŞ və Rusiyanı Qara dənizin sularında toqquşdursun, lakin alınmadı.Hərbi gəmilər ən yaxşı halda Putinin Bakı-Çeyhana olan basqısının qarşısını aldı və tankları Tiflisə girməkdən daşındırdı.Bütün hallarda birbaşa üz-üzə gəlməkdən vaz keçən tərəflərin sonrakı addımları məhz indiki vəziyyəti meydana çıxardı.

Prezident Marqelaşvili dəfələrə rusiyalı həmkarı ilə görüşə can atıb,amma qırdıqları diplomatik münasibətləri bərpa edə bilməyib.Ona heç əhəmiyyət verən də olmayıb.Xüsusilə də, səhnə arxasından Gürcüstanı idarə edən İvanişvilinin Moskvanın yeni tələblərini öz üzərinə götürməyə hazır olmaması Kremlin strateqlərini və rus kəşfiyyatı birinci şəxslərin danışıqlarının üstündən xətt çəkməyə vadar edib.
Məntiq onu deyir ki, gürcü hökuməti sifətini itirməkdən qorxudğu üçün Rusiya ilə Abxaziyadan koridor açmağa belə tezliklə gedəsi deyil.Hərçənd deyə bilərsiz ki, 7 ildən artıqdır Abxaziyadan keçəcək yükləri isveçrəli neytral monitorinq şirkətinin nəzarəti altında həyata keçirmək razılığı var.Amma hamı başa düşür ki, əlaqələr o şərtlər altında reallaşsa, onda rəsmi Tiflis itirdiyi ərazləri xarici sərhəddi kimi tanıdığını ortaya qoymuş olur.Elə olan təqdirdə, Rusiyanın məlum subyektləri müstəqil dövlətə çevirməsinin səbəblərini anlamaq daha asan olur.Yəni, Qafqazdan Qərbə çıxış yollarını hər kəs öz əlində saxlamaq istəyir.Əks halda Pankisi dərəsindən qidalanan terror Şimali Qafqazı öz ağuşuna alacaq və Putinin keçmiş baş ağrıları yenidən qayadacaq.Axı dedik ki, iki ölkənin təhlükəsizlik sistemi bir-birindən ayrılanda bölgə 3-cü qüvvənin əlinə keçir.

Aradığımız optimal yollar içərisində normallaşma təbdirlərinin Azərbaycanın mənafelərinə necə təsir edəcəyi də xüsusi önəm daşıyır.Söhbət heç də Ermənistanın təcridolunmuş vəziyyətdən çıxması üçün uzun on illərdir açmağa çalışdığı dəmir yollarının hərəkətə gəlməsindən getmir.Ona hələ çox var.Lakin Moskva Qafqazı sakitcə Qərblə birləşdirən Bakının qlobal layihələrinə elə Tiflisdə əlini qoymaq istəyərdi.Vaxtilə Saakaşvilinin gərginlikdən zəncir-qalstukunu çeynədiyi müharibə günlərində rus qoşunlarının atdığı bombalar Batumda neft kəmərlərinin bir addımlığna düşürdü.Onda prezident ilham Əliyev yüksək siyasi qətiyyət nümayiş etdirərək, o vaxtkı baş nazir Vladimir Putinə telefon açmışdı.Risqin böyüklüyü hər kəsə bəlliydi.Tiflisin işğalı Qərbə gedən bütün yolları bağlanması demək idi və neft-qaz ventili Millerin idarəsinin sərəncamına keçəcəkdi...
Indi gürcü-rus münasibətlərinin zəif qış günəşi altında olduğu bir vaxtda Azərbaycan lideri növbəti dəfə Gürcüstanın tranzit, geopoltik və geoiqtisadi önəmini atrıran Cənub Qaz dəhlizinin açılışını etdi.90-cı illərdən fərqli olaraq, nə Moskva, nə də Tehran Avropanın təhlükəsizliyi üçün strateji önəm daşıyan layihələrə qarşı hər hansı hərbi-siyasi təhdid nümayiş etdirmədi.

Özü də bunların əhəmiyyəti bir də ondadır ki, Moskva ABŞ və Avropa Birliyinin ən sərt sanksilayaları ilə, xüsusulə də Qazpromun enerji dominantlığını sındırmaq üçün həyata keçirilən iqtisadi təcridetmə tədbirləri altında çırpındığı bir vaxtda baş verir.Ona görə də bizdən ötəri Rusiyanın əleyhinə aparılan beynəlxalq layihələrdə yer almaq qətiyyən əsas götürülə bilməz, öz xarici siyasət mənafelərimiz önəmlidir. Gürcülərlə rusların müharibəsini arzulamaq heç bir normal məntiqə sığmadığı kimi, Bakını Avroatlantik dünyasının iqtisadi pəncəsi saymaq iddiaları da əbəsdir.
Gəldiyimiz qənəat odur ki, NATO və rus qoşunları Qafqazda birgə sülh şəraitində yaşaya bilməzlər.Gec-tez toqquşma qaçılmazdır. Bunu inqilabçı lider Paşinyan cəmi bir aya dərk edibsə, İvanaşvilinin öz ölkəsi üçün hazırladığı yeni Baş nazir və prezidentin də bilməsi çox vacibdir.

Əvvəldə gətirdiyimiz 100 ilin tarixi hökmünü bir daha xatırlatmaqda fayda var-alman qoşunları bolşevik orduları qarşısında çıxıb getdilər və Qafqazı 70 il bir imperiyaya qurban verdilər.Ruslarla savaşı kiçik xalqların hesabına aparanlar çariça Tamaranın sözlərini unutmasınlar:”böyük ordular kiçik ölkələri qorumaq üçün deyil”!
30.05.2018 17:54:00
Oxuma sayı: 1194