Elmira Axundova: "Onlar  iqtidara yaxın deyildilər, düşməniydilər"
Ölçü:


"Mənə ən yüksək qiyməti vaxtilə dahi Heydər Əliyev verib. Onun xarici siyasəti haqda kitabımı göndərmişdim. Mənə evə zəng vurdu. Mən ona dedim ki, «Heydər Əliyeviç, görürəm Siz memuar yazmayacaqsınız, ona görə istəyirəm sizin haqqınızda bioqrafik roman yazım». O mənə xeyir-dua verdi, dedi: «Elmira, yaz. Bu səndə pis alınmır. Sən yaz, mənim vaxtım yoxdur». Mənə Heydər Əliyev vaxtilə qiymət verib. Ona görə mənə başqa rəylər lazım deyil".

Koordinat.az xəbər verir ki, ötən həftə «Xalq yazıçısı» adı alan deputat-jurnalist Elmira Axundova “Azadlıq” radiosuna müsahibəsində deyib. O, belə yüksək adın onun üçün gözlənilməz olduğunu desə də, özünü yazıçı hesab etdiyini və çoxlu kitabları çap olduğunu söyləyib: "Kim nə fikirləşir fikirləşsin, mənim Heydər Əliyevdən başqa 20 kitabım var. Nə fikirləşirlər fikirləşsinlər, öz işləridir. Mən bədii formada ən yeni tariximizi yazmışam. Mənim kitablarımda XX əsr görünür. Qoy onlar da epopeya yaratsınlar, baxaq görək".

Jurnalist-deputat onun müəllifi olduğu kitabları tənqid edənlərin yazdıqlarını heç kəsin oxumadığını söyləyib: "Tənqid etməyə nə var ki. İki cümlə yazsınlar, Biləcəridən o yana çıxsınlar. Biləcəridən o yana keçmirlər, qışqırırlar. Mənim 500-ə yaxın oçerk, siyasi, bədii portret, kitablarım var. Hamısı Heydər Əliyev haqda deyil ki. Lap Heydər Əliyev haqda olsun. Nəyi pisdir ki? Heydər Əliyev simvoldur, ümummilli liderdir. Heydər Əliyev və onun yaşadığı dövr mənim 7 cildlik epopeyamda əks olunub. Bu pisdir bəyəm? Azərbaycan, erməni separatizmi haqqında yazmışam. Açın, vərəqləyin, baxın orda nələr var. Heydər Əliyev də var, onun zəmanəsi də… Gedin, iki cümlə yazın da. Mən o tənqidləri qəbul etmirəm. Onlara, necə deyərlər, indiferent yanaşıram".

Deputat Heydər Əliyev haqqında əsər yazmağın çətin və məsuliyyətli olduğunu da söyləyib: "Amma mən çalışmışam obyektiv olum. Ona görə mənim kitablarım oxunur. Mənim kitabım haqqında o adamlar danışır ki, iqtidara yaxın deyildilər, düşməniydilər, düşmən deməyim, səhnədən gedən, amma yadda qalan adamlar idi. Eldar Namazov, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov kitabım haqda danışıb. Mərhum Eldar İsmayılov yazmışdı ki, Heydər Əliyev haqda ən obyektiv təhqiqat bu kitabdır. Bunu o adamlar deyib. Mən neynirəm sənin sosial şəbəkəni? Sosial şəbəkədə üç sözü bilməyənlər fikir yazır".

Xatırladaq ki, Elmira Axundovaya "Xalq yazıçısı" adı verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə sosial şəbəkədə onun bu ada layiq olmadığı deyilir və bildirilir ki, Elmira Axundova Heydər Əliyev haqqda yazdığına görə "Xalq yazışısı" adı verilib.
30.05.2018 09:47:00
Oxuma sayı: 878