XİN Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitab çap edib
Ölçü:



“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)" adlı kitab işıq üzü görüb.

XİN mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, kitab XİN və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunub.

Kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edərək, girişdən və beş fəsildən ibarətdir.

Girişdə 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı, AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə AXC-nin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu öndərin siyasi kursunu davam etdirən İlham Əliyevin fəaliyyətinə toxunulub.

Kitabın birinci fəsli “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti” adlanır. Bu fəsildə ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi məsələlərinə toxunulub.

Kitabın ikinci fəsli “Azərbaycan: Müsəlman şərqində ilk demokratik respublika (1918-1920)” adlanır. Bu fəsildə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə məlumatlar verilərək, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı vurğulanıb. Həmçinin ikinci fəsildə erməni təcavüzü, “31 mart soyqırımı”, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasətinin aparılması kimi məsələlərə toxunulub. AXC-nin istiqlal bəyannməsinin mətni, müvəqqəti müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil jurnalistika və mətbuatın formalaşması, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdən Bakıya köçürülməsi və bunun əhəmiyyəti, AXC-nin xarici siyasəti, Paris sülh müqaviləsi, Dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə məlumatlar verilib.

Kitabın üçüncü fəsli “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlanır. Bu fəsildə AXC-nin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın bitməyən problemləri, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ məsələsi, Azərbaycanın əzəli torpaqlarında yaradılmış Ermənistanın öz ərazisini genişləndirmək siyasəti, represiya dövrü, Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər, 1988-ci ildən etibarən yenidən başlayan erməni təcavüzü və işğalı, qanlı 20 yanvar hadisələri ilə bağlı məlumatlar öz əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə müstəqilliyin ilk illərində ölkə daxilində baş verən siyasi və iqtisadi problemlər, xaricdən gələn təhdidlər, erməni işğalı, ölkəmizin 20% torpaqlarının işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi, milli qurtuluş günü, bu dövrdə Azərbaycanın hərbi gücünün artırılması, aparılan xarici siyasətin uğurları, atəşkəsin elan olunması, əsrin kontraktının imzalanması, ölkə iqtisiyadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulub.

Kitabın beşinci fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 ildə keçdiyi inkişaf mərhələləri, Azərbaycan ordusunun düşmən ordusundan müqayisə olunmaz dərəcədə güclənməsi, dünya ölkələrinin rəqabətə davamlılıq reytinqində Azərbaycanın qonşuları qabaqlaması və layiqli yer tutması, neft sənayesinin inkişafı, əsrin ikinci müqaviləsinin bağlanması, ölkədə beynəlxalq nəqliyyat layihələrinin əsasının qoyulması, investisiyaların cəlb olunması, ölkənin xarici valyuta ehtiyatının artması, turizmin inkişaf etdirilməsi, sosial sahələrin inkişafı, Azərbayanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, konstitusiya dəyişiklikləri, demokratik prinsiplərin qorunması, Azərbaycanın xarici siyasətinin şəffaflığı, beynəlxalq münaqişələrdə ədalətli mövqe sərgiləməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Kitabın nəticə hissəsində Azərbaycan dövlətinin uğurları, hazırkı inkişaf tempini qoruması üçün atdığı addımlar, gələcək perspektivləri, inkişaf etmiş ölkələr sırasına daxil olmasına yönəlmiş möhkəm zəminin yaradılmasına toxunulub.

Qeyd edək ki, ərəb dilində qələmə alınan “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitabın müəllifi AR-ın Misirdəki Səfirliyinin mətbuat attaşesi Emil Rəhimovdur.
28.05.2018 18:07:00
Oxuma sayı: 727