İqtisadçı alimdən maraqlı təklif
Ölçü:


Ədalət ƏSƏDOV,
Azərbaycan Kooperasiya Universitetinin dosenti

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı sistemi təşəkkül tapmışdır. Özəl sektorun aparıcı olduğu bazar münasibətləri şərai¬tində sahibkarlığın inkişafı prioritet əhəmiyyət kəsb edir. Məhz bu səbəbdəndir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə sahibkarlığın inkişafı istiqamə¬tin¬də silsilə proqram, layihə və digər tədbirlər həyata keçirilir. Həyata keçirilən təd¬bir¬lər nəticəsində, artıq büdcə daxil olmalarında özəl sektorun payı 80-83% təşkil edir. İnternet mənbələrindən əldə edilmiş informasiyalardan da göründüyü kimi, ölkəmizdə 600 mindən çox vergi ödəyicisi fəaliyyət göstərir.

Həyata keçirilən tədbirlərin və qəbul edilən qərarların bir istiqamətini də qanunvericilik bazasının təkmilləşdirilməsi, uçot-hesabat işlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması kimi məsələlər təşkil etmişdir. Bütün bunlarla yanaşı, hələ də özəl sektorda vergidənyayınma, ikili mühasibatlıq və s. kimi hallar da mövcuddur ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır.  

Müşahidələr göstərir ki, bu sahədə mövcud porblemlərdən biri və bəlkə də birincisi sosial sığorta haqları ilə bağlıdır. Belə ki, sığorta vəsaitləri üzərində varisliyin olmaması sahibkarların sosial sığorta haqlarının yığımından yayınmalarına gətirib çıxaran bir səbəbdir. Bu baxımdan sahibkar-işçi arxayın olmalıdır ki, toplanılan vəsait pensiya yaşına çatdıqda özü tərəfindən xərclənəcək və ya  qalan hissə vərəsəliklə digər ailə üzvünə çatacaqdır.

Uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, eləcə də son 10-12-ildə özəl mühasib xidmətləri göstərən tərəf kimi qeyd etmək istərdim ki, bu sırada ikinci problem kimi sosial sığorta haqlarının tətbiqində diferensiallığın olmamasıdır. Zənnimcə kiçik bir çayxana işlədən sahibkarla şadlıq evi və ya iri restoran işlədən sahibkar arasında sosial sığorta haqlarında fərq olmaması, ədalətli sayıla bilməz. O çümlədən, 15-25 kv m sahəsi olan ticarət obyektində fəaliyyət göstərən sahibkarla, topdansatış ticarət fəaliyyətilə məşğul ona sahibkar eyni “gücə” malik ola bilərmi?

Digər tərəfdən təsərrüfat subyektinin fəaliyyət göstərdiyi ərazinin də nəzərə alınması məqsədəuyğun olardı. Ona görə ki, şəhərin mərkəzi hissələrində  fəaliyyət göstərən sahibkarlarla mərkəzdənkənar ərazilər arasında müəyyən fərqin olması sübuta ehtiyacı olmayan reallıqdır.  Nəzərə alsaq ki, sosial sığorta ödənişləri əmək haqqından tutulur və əmək haqqı da, əksər hallarda, sahibkarın dövriyyəsinə uyğun olaraq müəyyən edilir, onda mərkəzi və kənar ərazilərin fərqləndirilməsi zəruriliyi aydın olar.


25.05.2018 10:11:29
Oxuma sayı: 1304