İqtisadçı deputat: “Əslində 2, 3 və 25 manatlıq əsginaslar buraxılmalıydı”
Ölçü:



Mayın 23-də Mərkəzi Bank tərəfindən 200 manat dəyərində yeni əsginasın təqdimatının qapalı keçirilməsi haqlı müzakirələrə səbəb olub. Mətbuat nümayəndələrinin böyük əksəriyyətinin iştirakı olmadan keçirilən təqdimatdan sonra bəzi suallar yaranıb. Ekspertlər isə həmin suallara cavabdeh şəxsin məhz Mərkəzi Bank sədri Elman Rüstəmov olduğunu vurğulayır.

Koordinat.az xəbər verir ki, elə bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli kimi...

Ə.Məsimli deyib ki, əslində Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasının izahını biz yox, Mərkəzi Bank özü verməlidir:

“Azərbaycanda alış-veriş sahəsində daha çox 3 problemin bir-birinə qarşılıqlı təsirini də nəzərə almaqla optimal həllinə nail olmaq lazmdır. Birincisi, nağdsız hesablaşmaların stimullaşdırılması və onun tətbiq dairəsinin genişləndirilməsi. İnkişaf etmiş ölkələr bu işi çox yaxşı qurublar. Onlarda nağdsız hesablaşmalar yaxşı təşkil edildiyindən, vətəndaşların cibində kimisə kofeyə qonaq eləmək və s. üçün hər ehtimala qarşı uzağa 20-30 dollar nağd pul olur. Azərbaycanda hər şeydən əvvəl bu üsulun geniş tətbiqinə nail olmaq lazımdır”.

Deputat qeyd edib ki, ikinci mərhələdə tədavüldə olan nağd pul kütləsini lazımi səviyyəyə çatdırıb, bu sahədəki qıtlığın aradan qaldırılasına nail olmaq lazımdır:

“Birinci amil sonradan bunu özü yaxşıca tənzimləyəcək. Üçüncüsü, yeni pul əskinaslarının buraxılması dövriyyəni rahatlaşdırmağa yönəldilməlidir. Ona görə də insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 və ya 3 manat və 25 manat nominallı əsginasların buraxılmasına daha çox ehtiyac var. Bu baxımdan yanaşdıqda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasına elə bir lüzum yox idi. Yəqin bu addım sırf yubiley hadisələri ilə bağlı məsələdir.

Amma yubileylərlə bağlı kağız pul yox, metal pulların buraxılması daha məqsədə uyğundur .Çünki, bu halda onu hamı, maaşı 200 manatdan aşağı olanlar da əldə edə və yubiley xatirəsi kimi saxlaya bilər”.

O ki qaldı 200 manatlıq əsginasların dövriyyəyə buraxılmasıyla kataklizmlərin olacağı, infiliyasiyanın artacağı və s. bu kimi məsələlərə, Ə.Məsimli burada nəzəri cəhətdən həqiqət payı varsa da, psixoloji təsirdən doğan nəticələrdən başqa elə bir ciddi problem mənbəyi olmadığını deyib:

“Azərbaycanda inflyasiyanın yarıdan çoxunun baiskarı monopolistlərdir. Əslində ölkəmizdə dövriyyədə 200 manatlıq əsginasların olması ilə olmaması arasında elə bir ciddi fərq yoxdur. Amma Mərkəzi Bank insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyə 2 , 3 və 25 manat nominallı əsginasların buraxılması məsələsini həll etsə, əhalinin rahatlığı üçün daha faydalı variant olar”.
24.05.2018 15:34:00
Oxuma sayı: 1153