Mingəçevir Turizm Koleci Rusiyada beynəlxalq konfransa təşkil edib
Ölçü:


Ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb. Kollec tərəfdaşı olan Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə birgə təşkilati missiyanı yerinə yetirərək “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olub.

Koordinat.az
xəbər verir ki, konfransda Rusiya, İtaliya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin nümayəndələriyilə yanaşı, Sankt-Peterburq Təhsil Komitəsinin rəsmiləri iştirak ediblər. Konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək olub. Maraq doğuran və qürurverici məqamlardan biri konfransın keçirildiyi salonun ideoloji tərtibatından tutmuş iştirakçı təşkilatlara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adlarının qoşa yazılması olub.

Beynəlxalq konfransı giriş sözüylə açan Sankt-Peterburq Təhsil Komitəsinin sədr müavini Yuri Solyannikov müzakirəyə çıxarılan mövzunun önəmindən danışaraq iştirakçılara uğurlar arzulayıb. Komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi Yuliya Kovalyova, Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru Svetlana Antonova və başqaları çıxış edərək beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndiriblər.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi-texniki bazası, tədris imkanları, uğurları, məzunları və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə xüsusi slayd vasitəsi ilə ətraflı söhbət açıb. Azərbaycanlı professorun “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda məruzəsi konfrans iştirakçılarının marağına səbəb olub. Turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən bəhs edən Ə.Əyyubovun turizm psixologiyasının yenidən öyrənilmə zərurəti, beynəlxalq sosial tərəfdaşlıq münasibətlərinin kadr hazırlığına təsiri, tolerant ənənələrin turizmin yeni inkişaf dönəmində verə biləcəyi töfhə və digər vacib məsələlər barədə məruzəsi də kifayət qədər maraq doğurub.

İtaliyanın Kazarqo şəhərinin meri School CFPA otelinin administrator məsləhətçisi Skarpa Pina, İtaliyanın İPS Veccari təhsil müəssisəsinin direktoru Petro Rapizarda, həmin təhsil ocağının müəllimi Nikola Klaudia Aleccandra, həmçinin Finlandiyanın Savonlinna şəhərinin SAMLedu kollecinin müəllimləri Mika Nenonen, Timo Leso və kollecin beynəlxalq təhsil proqramlarının rəhbəri Yuti Noora “İtaliyada innovasiyalı peşəkar təhsildə beynəlxalq sosial əməkdaşlığın rolu”, “Qastronomik peşəkar usta müsabiqələri təcrübəsi”, “Qastronomik və sosial müsabiqə – Sakitliyin divarını qırırıq”, “İtaliyanın alternativ proqramları – tələbələr işdə”, “Finlandiyada təhsil islahatlarından sonra təhsilin təşkili”, “Peşəkar kollecdə real iş şəraiti üçün kadr hazırlığı” və digər mövzularda geniş məruzələrlə çıxış ediblər.

Səslənən məruzələr, qaldırılan məsələlər və təqdim edilən təkliflər fəal müzakirələrə yol açıb. Ümumən konfrans bütün tərəflər üçün yaddaqalan və faydalı olduğundan müzakirələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Mingəçevir Turizm Kolleci üçün Sankt-Peterburq səfəri həm də yeni beynəlxalq əməkdaşlıq əlaqələrinin təməlinin atılması ilə yadda qalıb. Kollec rəhbərliyinin konfransın təşkilində fəal rolu, dərin məzmunlu çıxışları və keçirdiyi fərdi görüşlər sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçılar tərəfindən marağı daha da artırıb. Yekun olaraq İtaliya və Finlandiyanın təhsil müəssissələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparılıb. Azərbaycanın təhsil müəssisəsi hər iki dövlətə dəvət alıb.

Ümumiyyətlə, beynəlxalq konfrans unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları Sankt-Peterburqda olduqları müddət ərzində bu qədim və əsrarəngiz şəhərin müxtəlif gəzməli və görməli yerlərinə səyahət edib, tarixi abidələrinə və muzeylərə təşkil olunan ekskursiyalara qatılıblar. Həmçinin Sankt-Peterburq Turizm və Otel Servisi kollecinin maddi texniki bazası, tədris  və təcrübə sahələri ilə yaxından tanış olmaq fürsəti əldə ediblər.


Azər

24.05.2018 13:30:30
Oxuma sayı: 379