Öz zəhməti ilə yüksələn insan
Ölçü:


Tale hər bir insana peşə və ixtisas sahəsində öz yolunu seçmək üçün ona müəyyən şans verir. İnsanın öz həyat yolunu və peşə fəaliyyətini seçməkdə bu şansdan necə istifadə etməsi onun gələcək yaşam tərzini istiqamətləndirir. Əlbətdə şəxsiyyətin formalaşmasında əməyin, daha doğrusu zəhmətin də böyük rolu vardır. Bu baxımdan mən həyatda öz zəhməti və bacarığı ilə yüksələn xeyli insanlar tanıyıram. Belə insanlardan biri də uzun illər tanıdığım Azərbaycan Texniki Universitetinin humanitar fənlər kafedrasının dosenti, fəlsəfə üzrə elmlər doktoru, bacarıqlı və səriştəli pedaqoq Kərimov Əyyub Sevdim oğludur.

Mən Əyyub müəllimi 1990-cı ildən, daha doğrusu Əyyub müəllimin bizim kafedrada işləməyə gəldiyi gündən tanıyıram. Tanışlığımızdan 28 il keçməsinə baxmayaraq Əyyub müəllimlə tanış olduğum gün indiki kimi yadımdadır...

O vaxtlar mən Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında işləyirdim. Yaxşı pedaqoji kollektivimiz var idi. O kafedranı mən indi də özümə doğma kollektiv hesab edirəm. Çünki, mən 1985-2005-ci illərdə həmin kafedrada fəlsəfə və politologiyadan dərs demişəm. Və müəllimlik peşəsinin çətin və şərəfli, eyni zamanda müəllim-tələbə münasibətinin müxtəlif çalarlarını o vaxtlar öyrənmişəm. O vaxt bizim kafedranın müdiri respublikada tanınmış filosof, fəlsəfə elmləri doktoru, mərhum professor Fərrrux Ramazanov idi. Uzun və məşəqqətli həyat yolu keçmiş Fərrux müəllim 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, Berlinə qədər böyük döyüş yolu keçmiş və bu döyüşlərdə igidlik göstərdiyinə görə dövlət tərəfindən bir çox orden və medallarla təltif edilmişdir.

Qeyd etmək istəyirəm ki, Fərrux müəllimin bir çox gənc pedaqoqların formalaşmasında böyük əməyi olmuşdur. Bu baxımdan mən, Əyyub müəllim və kafedramızda çalışan başqa gənc müəllimlər Fərrux müəllimdən çox şey öyrənmişik. Buna görə də bütün həyatı boyu tələblərə fəlsəfə fənninin sirlərini öyrədən Fərrux müəllim kimi tanınmış filosof, təcrübəli pedaqoq və müdrik ağsaqqal həmişə bizim xatirimizdə yaşayacaqdır.
Məhz uzun illər – 28 il mən Əyyub müəllimi tanıdığıma və onun xarakterinə yaxından bələd olduğuma görə onun həyat fəaliyyəti haqqında bir neçə söz demək istəyirəm.
Əyyub Kərimovun sadə bir tərcümeyi-halı vardır:

Əyyub Sevdim oğlu Kərimov 26 aprel 1958-ci ildə Azərbaycan Respublikasının Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. O, 1975-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş, 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1979-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirən Ə.Kərimov təyinatla Zərdab rayonunun Kəndəbil kənd orta məktəbinə göndərilmişdir. O burada tarix, ictimaiyyət və hüququn əsasları fənlərini tədris etməklə öz savadına və bacarığına görə çalışdığı məktəbin müəllim kollektivinin və şagirdlərin rəğbətini qazanmışdır.

Lakin Əyyub müəllimin elmə, tədqiqata olan həvəsi və istəyi onu bizim kafedraya – yəni, o vaxtlar mənim işlədiyim Azərbaycan Texniki Universitetinin Fəlsəfə və politologiya kafedrasına gətirmişdir. Bizim Əyyub müəllimlə tanışlığımız da məhz yuxarıda qeyd etdiyim kimi 1990-cı ildən başlamışdır. Əyyub Kərimov Azərbaycan Texniki Universitetinin “Fəlsəfə və Politologiya” kafedrasında əvvəlcə baş laborant, kabinə müdiri, müəllim, baş müəllim, dosent, 2011-2015-ci illərdə isə kafedra müdiri vəzifəsində işləmişdir.

Əyyub müəllimin tələbəlik illərindən elmi-nəzəri tədqiqata olan coşğun həvəsi onu BDU-nun sosial fəlsəfə ixtisası üzrə aspiranturasına istiqamətləndirmişdir. Coşğun həvəsin və gərgin zəhmətin sayəsində Azərbaycan Texniki Universitetində işlədiyi zaman BDU-nun qiyabi aspiranturasında oxuyub oranı bitirən Əyyub Kərimov 1996-cı ildə “Ekoloji problemin qlobal xarakteri, şüurun və fəaliyyətin ekolojiləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bundan bir müddət sonra isə Əyyub Kərimov “Müasir Azərbaycan cəmiyyətinin demokratikləşməsinin sosial-fəlsəfi aspektləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
Əyyub Kərimov elmi-pedaqoji fəaliyyətlə yanaşı respublika və beynəlxalq miqyasda keçirilən konfrans və simpoziumlarda da fəal iştirak etmiş və yenə də etməkdədir. Əyyub müəllim 2003-cü ildən başlayaraq Qafqaz respublikalarında ekoloji vəziyyətin araşdırılması ilə məşğul olan və mərkəzi ofisi Tbilisidə yerləşən “Qafqaz Regional Ekoloji Mərkəzi” adlı Beynəlxalq Ekoloji Təşkilatın keçirdiyi elmi-praktiki konfranslarda dəfələrlə məruzələrlə çıxışlar etmiş və onun məruzələri Mərkəzin jurnalında nəşr olunmuşdur.

Əyyub müəllim Respublikamızda həyata keçirilən bir sıra ictimai və dövlət əhəmiyyətli layihələrdə fəal iştirak etmişdir. Belə ki o BMT İnkişaf Proqramı və İqtisadi İnkişaf Nazirliyi YAİİDP Katibliyinin birgə dəstəyi ilə həyata keçirilən “Azərbaycan respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın  icrası istiqamətində Respublikanın bir sıra ali məktəblərində tələbə və müəllim-proffessor heyətinin məlumatlandırılması” layihəsində aparıcı mütəxəssisi kimi fəal iştirak etmişdir. O, gənclərimizin vətənpərvərlik, dövlətçilik, humanizm, azərbaycançılıq, müasirlik ruhunda tərbiyəsi üçün bu gün də yorulmadan çalışır.
Ə.S.Kərimov 2010-cu idə  “Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası”-nın  ümumrespublika “Fəlsəfi Diskurs” müsabiqəsində  birinci yerə layiq görülmüş və 22 yanvar 2011-ci ildə “Assosiasiyası”nın l dərəcəli diplomu ilə təltif edilmişdir.

Ə.S.Kərimovun indiyə kimi 100-ə qədər elmi məqaləsi, dərs vəsaiti, dərslik və monoqrafiyası çapdan çıxmışdır. Buna misal olaraq “Sufilik fəlsəfəsi haqqında” (Bakı, 1992); “Sosial institutların sosiologiyası”, (dərs vəsaiti, Bakı, 1994); “Politologiya sxemlərdə və cədvəllərdə” (f.e.n. İ.Abdullayevlə birgə) (metodik göstəriş, Bakı, 2000); Avropa İttifaqının  “TEMPUS” layihəsi üzrə “Milli və beynəlxalq ətraf mühitin mühafizəsi siyasəti” (dərslik, Bakı, 2007); “Demokratiya: bəşəriyyətin bu günü və gələcəyi, sosial-fəlsəfi yanaşma” (monoqrafiya, Bakı, 2009) və s. göstərmək olar.

O, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə şöbənin nəzdində fəaliyyət göstərən Elmi-metodoloji şuranın üzvüdür.  Pedaqoji və elmi fəaliyyətdən başqa Əyyub Kərimov cəmiyyətimiz üçün aktual olan müxtəlif sosial, siyasi mövzularla KİV-də fəal və məsuliyyətlə çıxış edir.

Gənclərimizin vətənpərvərlik, dövlətçilik, humanizm, azərbaycançılıq, müasirlik ruhunda tərbiyələnməsində maraqlı mövzularla çıxış edən Əyyub Kərimovun fəaliyyəti diqqəti cəlb edir. O möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və siyasət, dövlətçilik və milli-mənəvi dəyərlərimizlə bağlı rəsmi mətbuat orqanlarında elmi-nəzəri təhlillərə əsaslanan məqalələr çap etdirmişdir.

Azərbaycan Texniki Universitetinin və respublikamızın ictimai siyasi həyatında fəal iştirak edən Ə.Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi kimi respublikamızın bir çox rayonlarındakı  Heydər Əliyev mərkəzlərində rayon ictimaiyyəti qarşısında müxtəlif aktual mövzularla maraqlı mühazirələr oxumuşdur.

Çalışdığı universitetdə pedaqoji fəaliyyətə başladığı ilk gündən Əyyub müəllim dərs dediyi tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasında həmişə fəallıq göstərmiş və universitet tələbə elmi konfranslarında ictimai elmlər bölməsinə vaxtaşırı rəhbərlik etmişdir.

Əyyub müəllim bir çox Beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda o cümlədən, Gürcüstan, Türkiyə, Ukrayna, Rusiya, Türkmənistan və başqa ölkələrdə maraqlı elmi məruzələrlə çıxış edərək doğma Azərbaycanımızı təmsil etmiş, eyni zamanda o respublikamızın elm, təhsil və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər haqqında xarici ölkə nümayəndələrini məlumatlandırmış və ölkəmizin reallıqlarını konfrans iştirakçılarına bildirilmişdir.

Təhsil sahəsində həmişə yeniliyə can atan Əyyub Kərimov  beynəlxalq təhsil proqramları ilə tanış olmaq və onlardan səmərəli şəkildə istifadə etməyə üstünlük verirdi. Bu baxımdan o həmişə Təhsil nazirliyi tərəfindən irəli sürülən yeni proqramları mənimsəmək və onları dərslərdə tətbiq etmək, eyni zamanda bu sahədə beynəlxalq təcrübələrlə tanış olmağa çalışırdı. Bu məqsədlə 2015-ci ildə Təhsil nazirliyində müsabiqədən keçərək “Sabah” qruplarında fəlsəfədən dərs demək hüququ əldə etmişdir. Bundan başqa 2015-ci ilin avqust ayında Əyyub müəllim ADA-da ali məktəb müəllimləri üçün keçirilən “Yay Akademiyası” çərçivəsində modul əsaslı 4 təlimdə uğurla iştirak edərək bununla bağlı müvafiq sertifikat almışdır.

Təhsil sahəsindəki axtarışlar Əyyub müəllimi qardaş ölkə olan Türkiyənin ali məktəblərinə aparıb çıxarmışdır. Belə ki, 2017-ci ildə təhsil üzrə  Beynəlxalq “Erasmus” proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Katib Çələbi Universitetində fəlsəfə fənnindən mühazirələr oxumaq üçün bir müddət ezamiyyətdə olan Əyyub müəllim qardaş ölkədə xeyli təcrübə qazanmışdır. Eyni zamanda ezamiyyə zamanı İzmir televiziyasında təhsil sahəsində Azərbaycanda aparılan islahatlardan və iki ölkə arasındakı elmi-pedaqoji əlaqələrin əhəmiyyətindən danışmışdır.

Müəllimlərin peşə bayramında respublikamızın müəllimlərini təbrik edərək müəllim peşəsinə yüksək qiymət verən Ulu öndərimiz Heydər Əliyev bu peşəni aşağıdakı kimi qiymətləndirərək demişdir: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Ona görə də bu bayram günü mən ilk növbədə müstəqil Azərbaycanın bütün müəllimlərini ürəkdən təbrik edirəm, müəllimə, bu müqəddəs ada öz dərin hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm. Bəyan edirəm ki, müəllim bundan sonra da müstəqil Azərbaycanın həyatında görkəmli yer tutacaq, müəllimə qayğı gündən-günə artacaq və müəllimin şanı-şöhrəti daha da yüksələcəkdir. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.

2018-ci ilin baharında 60 yaşına qədəm qoymuş Azərbaycan Texniki Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru  Əyyub  Kərimov müəllim peşəsini yüksək dəyərləndirən Ulu Öndərimizin yuxarıda dediyi müdrik və qiymətli sözlərini həmişə uca tutaraq öz həyat və yaradıcılığı, əməli fəaliyyəti ilə müəllim adını yüksəldən, şərəfləndirən ziyalılarımızdandır.

Mən uzun illər dostluq etdiyinə görə bir daha səmimiyyətlə demək istəyirəm ki, Əyyub müəllim milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan, dövlətçiliyimizə sadiq, dostluğa sədaqətli, xalqını, vətənini, torpağını sevən, başqalarının ona etdiyi yaxşılıqları unutmayan, insanlara yaxşılıq etməkdən zövq alan, öz peşəsini dərindən sevən, xeyirxah və zəhmətkeş bir ziyalıdır. Dostluq etdiyim 28 il ərzində mən Əyyub Kərimovu belə tanımışam.  
Sakit Hüseynov
AMEA Fəlsəfə İnstitutunun
“Davamlı inkişafın fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə
 elmlər doktoru, professor

24.05.2018 11:41:00
Oxuma sayı: 658