Dədə Şəmşirin 125 illiyi Sumqayıtda qeyd olunub - FOTOLAR
Ölçü:


Sumqayıt şəhər İcra Hakimiyyətinin xətti ilə Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunumuş təntənəli tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, “Kimyaçı” Mədəniyyət sarayıda keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, media mənsubları, ustad sənətkarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açaraq Dədə Şəmşirlə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, el şairi və ustad aşıq kimi şöhrət tapmış Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini formalaşdırıb, eyni zamanda 40-dan artıq şəyirdin ustadı kimi öz məktəbini yaradıb. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və digər saz-söz sənətkarlarının püxtələşməsində, kamilləşməsində bu məktəbin əvəzsiz rolu olub, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə zəmin yaradıb.

Bildirilib ki, prezident İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Sərəncama uyğun olaraq Aşıq Şəmşirin 125 illiyi ilə bağlı xüsusi tədbirlər planını hazırlanmışdır ki, bu tədbir də onun tərkib hissəsidir.

Tədbirin aparıcıları - Sumqayıt Dövlət Dram teatrının aktyorları, əməkdar artistlər Cəlal Məmmədov və İlahə Səfərova tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, ustad sənətkar Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılmış, sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış, musiqişünas Əminə Eldarova ilk dəfə Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb.

Tədbirdə Aşıq Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə, Aşıq Famil Laçınlı, Aşıq Kəmalə Qubadlı, Aşıq Şəhriyar Laçınlı, Aşıq Avdı, Aşıq Şaiq, Aşıq Əfsanə Kərimli ustad sənətkarın qoşma və gəraylılarını aşıq havacatları üstündə tamaşaçılara təqdim ediblər.
Sumqayıt Dövlət Dram teatrının aktyorları Vidadi Məmmədov, Habil Xanlarov Dədə Şəmşir rolunun ifaçısı Aşıq İlham Aslanbəyi Aşıq Şəmşirlə xalq şairi Səməd Vurğunun görüşünün, həmçinin ustad sənətkarla bağlı bir rəvayətin səhnələşdirilmiş variantın nümayiş olunub. Aşıq Qaracan Borçalı isə Dədə Şəmşirin ahıl çağlarında xəstəxanada yatdığı zaman tibb bacıları ilə söhbətini və söhbət əsnasında bədahətən dediyi qoşmanı gözəl bir yorumla tamaşaçıların diqqətinə çatdırıb.

Tədbirdə Dədə Şəmşirin qələmə aldığı şeirlər səsləndirilib.

Dədə Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildiribr. O, qeyd edib ki, babası Dədə Şəmşirin Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair Aşıq Şəmşirlə tanışlıqdan təsirlənərək ona məşhur “Məni” qoşmasını həsr edib.

"Dövlətimiz tərəfindən Dədə Şəmşirin yaradıcılığı yüksək qiymətləndirilmişdır. Hələ 2003-cü ilin 5 iyulunda Ulu öndər Heydər Əliyev Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsi haqqında Sərəncam imzalamışdı.Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalayıb ki, bu da Aşıq Şəmşir ocağına, bütövlükdə isə Azərbaycan aşıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir" - deyə, Cavid Qurbanov bildirib.

Tədbirin sonunda Cavid Qurbanov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova bir daha təşəkkür edərək həyata keçirilən abadlıq və quruculuq işləri nəticəsində Sumqayıtın regionun ən gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb. O, "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun imzaladığı diplom və təşəkkürnaməni şəhər icra hakimiyyətinin başçısına təqdim edib.

Xatırladaq ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın ailəsində doğulub. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub. Dədə Şəmşir adı ilə ucalan el şairi yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib. Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir özündən sonra böyük ədəbi irs qoyub. O, 1980-ci ildə, 87 yaşında ömrünün sonunadək yaşadığı Ağdaban kəndində dünyasını dəyişib.


23.05.2018 17:54:00
Oxuma sayı: 474