Neftdən qazanılan sərvətlər: "BP-Azerbaijan” hesabat yaydı
Ölçü:


“BP-Azerbaijan” şirkəti 2018-ci ilin 1-ci rübünün nəticələrinə dair biznes əməliyyatları hesabatını açıqlayıb.

Şirkətdən Koordinat.az-a verilən məlumata görə, 2018-ci ilin 1-ci rübündə AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (123 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (109 000) və Qərbi Çıraq (62 000) platformalarından birlikdə – gündə orta hesabla 597 000 barel və ya ümumilikdə təqribən 54 milyon barel, yəni 7 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub. Rüb ərzində AÇG-də 5 neft hasilat quyusu qazılıb.

Bu ilin 1-ci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 milyon kubmetr, ümumilkdə isə 525 milyon kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Rəsmi məlumata görə, 1-ci rüb ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

Hesabat dövründə terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 milyon barel neft və kondensat, o cümlədən təqribən 63 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 0,4 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 milyon standart kub metr (təqribən 1,1 milyard standart kubfut) Şahdəniz qazı ixrac edilib.

2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə təqribən 5 milyon dollar xərclənib.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 milyon tondan artıq (2,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin 1-ci rübü ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Bu dövr ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

2018-ci ilin 1-ci rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Rüb ərzində yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Hesabatda göstərilib ki, 2018-ci ilin 1-ci rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunda qazma işləri davam etdirilib. İstiqlal qazma qurğusu SDD03 quyusunu tamamlamış və SDD04 quyusunda tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDH01 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib. Bu iki qurğu Şahdəniz 2 üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyunu tamamlayıb. Şahdəniz 2-nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 Şirkətdən verilən məlumata görə, 2017-ci ildə bütün layihə boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir.

Şahdəniz 2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

2018-ci ilin 1-ci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 8 milyon dollar əməliyyat xərcləri və 165 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub.
17.05.2018 12:24:00
Oxuma sayı: 2482