Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür
Ölçü:


Bu gün Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür.

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti ) daxil olmuşdu. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləyib. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. Polis mayoru rütbəsinədək yüksələ bilmişdi.

Şahlar Şükürov tez-tez cəbhənin ən qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşmışdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşərək qərəmancasına həlak olub. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Ailəlidir. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Zərdab rayonunda Şahlar Şükürovun adına küçə var. Həmçinin Kəlbəcər məktəblərindən birinə onun adı verilib.

Allah rəhmət eləsin! 
17.05.2018 11:06:00
Oxuma sayı: 974