Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin rəhbərini dəyişə bilər
Ölçü:


Səməd Seyidovun AŞPA-dan çıxarılması barədə qərar elan olunduqdan sonra Azərbaycan hökumətinin bu qurumdakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə başqa namizəd verəcəyi instisna olunmur.

Koordinat.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən bu qurumda mandatı dondurulan Səməd Seyidov mətbuat konfransında bildirib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu qurumun Azərbaycana qarşı ikili standartları olduğunu deyib: “Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

Səməd Seyidov qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz: “Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir. Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz. Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir”.

Daha sonra media nümayəndələrinin suallarına cavab verən Səməd Seyidov AŞPA-dakə heyətin rəhbərliyindən istefa verib-verməməsinə aydınlıq gətirib. O, bildirib ki, Azərbaycanı qurumda təmsil edənlərin əksəriyyəti eyni siyasi partiyanın üzvləridir: “Ona görə də məni başqasının əvəz etməsində qeyri-adi heç nə yoxdur. Bunu istisna etmirəm. Bunun bağlı parlamentdə müzakirələr olacaq. Hansısa vəzifə əbədi deyil”.

Azərbaycanın Avropa Şurasından çıxmasına gəlincə, Səməd Seyidov bildirib ki, ölkəmiz bu qurumla əməkdaşlığını davam etdirəcək.

16.05.2018 17:19:00
Oxuma sayı: 181