Əli Həsənov: "Yeni sədrə kömək etməyə hazıram”
Ölçü:


“Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib”.

Koordinat.az
xəbər verir ki, bunu baş nazirin müavini Əli Həsənov “Yeni Müsavat” qəzetində dərc olunmuş yazıya münasibət bildirərkən deyib. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Yeni Müsavat” qəzetinin 16 may tarixli sayında dərc olunan “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. O,  “Yeni Müsavat”da yazılan “köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edildiyi” iddiasına cavabında bildirib: "Qəzetin özünün də “bu iddiaların nə dərəcədə doğru olmasına” şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır”.

Qeyd edək ki, qəzetin 16 may 2018-ci il tarixli sayında dərc olunmuş “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı dərc olunub. Yazıda vurğulanıb ki, Ə. Həsənov məcburi köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edib.

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram”, – deyə Əli Həsənov vurğulayıb.
16.05.2018 12:44:01
Oxuma sayı: 461