Bayıl yenidən sürüşdü - daha 4 ev dağıldı
Ölçü:


Mayın 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman  2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

Səbail Rayon İcra Hakimiyyətindən Koordinat.az-a verilən məlumata görə,  daha 20 fərdi ev də təhlükəli ərazidədir: “Bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır”-deyə bildirilib.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

İcra hakimiyyəti qeyd edib ki, görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb. Və onlar ümid edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.
16.05.2018 10:09:00
Oxuma sayı: 67