Türkiyə üçün hansı daha önəmlidir: Qüds, Kərkük, Krım, yoxsa Qarabağ?
Ölçü:


Şahin CƏFƏRLİ,
Politoloq

Fələstin məsələsinə Türkiyədə müşahidə etdiyimiz xüsusi həssaslıq bizdə bir çox insanda qıcıq doğurur.

Bu münasibəti təkcə Türkiyənin indiki prezidentinin və iqtidar partiyasının siyasi-ideoloji xətti, dünyagörüşü, bölgə siyasəti ilə izah etmək yanlışdır. Türkiyədə bütün dövrlərdə Fələstin məsələsinə həssas münasibət mövcud olub, hətta bir çoxlarınıza qəribə gələ bilər, 1980-ci ildə hərbi çevriliş yolu ilə iqtidarı ələ keçirmiş xunta rejimi də bu baxımdan istisna deyil. Həmin il Knesset Qüdsün İsrailin paytaxtı elan olunmasını nəzərdə tutan qanun qəbul etmişdi, Türkiyə isə buna cavab olaraq İsraillə diplomatik əlaqələrini əvvəlcə 2-ci katiblik, daha sonra isə katiblik səviyyəsinə endirmişdi.

Türk xalqının Fələstin və Qüds həssaslığının dini və tarixi səbəbləri var. Bu, ən əvvəl hamının bildiyi kimi, Qüdsün müsəlmanların da müqəddəs şəhəri olması ilə əlaqədardır. İslamın müqəddəslərindən olan Əl-Aksa Məscidi orada yerləşir. Əl Aksa müsəlmanların ilk qibləsidir və “Quran”da bəhs olunan peyğəmbərlə bağlı isra-merac möcüzəsində adı çəkilir. Peyğəmbər merac gecəsi Allah tərəfindən Məscidi-Haramdan (Kəbənin də aid olduğu ibadət yeri) Məscidi-Aksaya aparılıb, oradan isə səmaya - ilahi hüzura qaldırılıb. (Səmavi dinlərdəki hekayələrin insanların, toplumların, millətlərin həyatına, dünyadakı nizama yüzillər, minillər boyu necə təsir etdiyini və etməkdə olduğunu görürsünüz.) Sonradan peyğəmbər Məscidi-Aksanı Məscidi-Nəbəvi və Məscidi-Haram ilə birlikdə ziyarət edilməsi zəruri olan 3 məkandan biri kimi qeyd edib.

İndi fələstinlilərin və dünyadakı digər inanclı müsəlmanların, o cümlədən türk xalqının qəzəbinə səbəb odur ki, belə bir müqəddəs məkanın biryolluq itirilməsi təhlükəsi yaranıb. Paytaxtı Qüds (ən azı Şərqi Qüds) olan müstəqil Fələstin xəyalının puç olması fələstinlilər üçün ən ülvi arzunun gözləri önündə məhvi deməkdir və çox əzablıdır. 14 mayda Qəzzada yaşananlar - minlərlə insanın az qala intihara yürüməsi buradan qaynaqlanır.

Türkiyəlilərin Fələstin həssaslığının digər səbəb
isə budur ki, onlar bir neçə əsr həmin torpaqlara hökm ediblər. İndiki İsrail və Fələstin torpaqları 400 il Osmanlının nəzarətində olub, bu səbəblə türk insanı o torpaqların taleyinə, əvvəlki təbəənin ah-naləsinə biganə qala bilmir və şüuraltı olaraq özünü həmin ərazilərin və oradakı məzlumların qorunmasına məsul hiss edir.

Başqa bir səbəb
Fələstinin imperializmə və sionizmə qarşı mübarizənin ön cəbhəsi olması və bu mənada simvollaşması ilə əlaqəlidir. Türkiyənin qeyri-mühafizəkar kəsimi üçün bu, önəmli məsələdir. Türk solçuları (Dəniz Gəzmiş filan) 1968-69-cu illərdə bölgəyə gedərək Suriya və Livandakı kamplarda təlim almışdılar. (Onların məqsədi fələstinlilərin mübarizəsinə dəstək verməklə yanaşı, həm də Türkiyə daxilindəki mübarizə üçün lazımi hazırlığa yiyələnmək idi.)

Yəni Fələstin probleminin Türkiyədə milli məsələ olduğunu söyləyə bilərik. Nə Kərkük-Mosul, nə Doğu Türküstan, nə Krım, nə də Qarabağa, hətta mən deyərdim, Kıbrıs məsələsinə belə, bu səviyyədə münasibət və yanaşma yoxdur, yəqin ki, olmayacaq da...
15.05.2018 21:06:00
Oxuma sayı: 255