ABŞ səfirliyi Qüdsə köçürüldü, Fələstin üsyana qalxdı, Qəzza qan gölünə döndü
Ölçü:


Qüdsün (Yerusəlim) cənub bölgəsində yerləşən sakit və səssiz Arnona rayonu bu gün bütün dünyanın diqqət mərkəzində idi. Həmin ərazidə rəsmi olaraq ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi oldu. Mərasimə İsrail baş naziri Binyamin Netanyahu, ABŞ prezidentinin qızı İvanka Tramp və kürəkəni Cared Kuşner (Ağ evin baş müşaviri), ABŞ maliyyə naziri Sitven Mnuçin, dövlət katibinin müavini Con Sallivan da qatılmışdı. Donald Tramp açılışda iştirak etməsə də, videogörüntü ilə təbriklərini çatdırdı.

Tramp bildirdi ki, səfirliyin Qüdsə köçürülməsi çoxdan baş verməli idi: “İsrail suveren dövlətdir və onun öz paytaxtını müəyyən etmək hüququ var. Lakin uzun illər ərzində biz bunu etiraf etmirdik. ABŞ əvvəlki tək İsraillə Fələstin arasında sülhün olmasına tərəfdardır. ABŞ səfirliyinin Qüdsə köçürülməsi Birləşmiş Ştatların Yaxın Şərqdə sülhə nail olunması fikrindən imtina etdiyi anlamına gəlmir”.

İsrailin baş naziri Benyamin Netanyahu qərarı düzgün sayaraq Trampa təşəkkür etdi.

“Biz Qüdsdə səfirliyimizi açırıq. ABŞ bununla ilkə imza atdı və növbəti dəfə lider rolunu üzərinə götürdü. Prezident Tramp verdiyi sözü tutur. Biz bütün dünyaya nümayiş etdirdik ki, Birləşmiş Ştatlara etibar etmək olar. Biz dostlarımız və müttəfiqlərimizlə çiyin-çiyinə dururuq. Hesab edirik ki, Qüds bütün konfessiyalardan olan insanları birləşdirən şəhər olaraq qalmalıdır”, deyə açılışdakı nitqində Kuşner bildirdi.

Ötən ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi. Və bildirmişdi ki, çox keçmədən ABŞ səfirliyi Qüdsə köçürüləcək. ABŞ-ın Yaxın Şərq siyasəti ilə ziddiyyət təşkil edən bu qərar böyük tənqidlərə tuş gəldi. Beynəlxalq ictimaiyyət əvvəlki kimi o fikirdə qalır ki, Qüdsün statusu ilə bağlı problem İsrail-Fələstin danışıqlarında həllini tapmalıdır.

“ABŞ səfirliyinin bura köçürülməsi düzgün qərardır. Son nəticədə bura paytaxtdır. İstənilən uşaqdan soruşun ki, paytaxt haradır, deyəcək, Yerusəlim. Əgər gələcəkdə Fələstin dövləti yaradılsa, onlar da Yerusəlimdən hissə almaq istəyəcəklər. Nə vaxtsa bu barədə razılaşma imzalayacaqlar. Hələliksə Yerusəlim İsrailin paytaxtıdır”, – deyə yerli sakinlərdən Uriel Berenstayn bildirib.

Berenstayn eyni zamanda narahatdır ki, səfirliyin Yerusəlimə köçürülməsi İsraillə Fələstin arasında gərginliyin daha da artmasına səbəb olacaq: “Sözsüz ki, bu, gərginliyi artıracaq. Sadəcə ümid edək ki, hər iki tərəfdə liderlər insanları sakitləşdirə biləcək”.

İlk vaxtlar ABŞ-ın Qüdsdəki diplomatik nümayəndəliyində yalnız İsraildəki səfir Devid Fridman və bir neçə əməkdaş çalışacaq. Səfirliyin rəsmi nümayəndəsi deyir ki, tam köçürülmə bir neçə ilə yekunlaşacaq.

Səfirlik ya keçmiş konsulluğun ərazisində fəaliyyət göstərəcək, ya da yeni komleks inşa olunacaq. Səfirliyin ərazisi “yaşıl xəttə” – 1948-ci il savaşından sonra İsraillə İordaniyanı bölən hissədə yerləşir.

Ekspert Daniel Zaydman deyir ki, səfirliyin köçürülməsinin böyük nəticələri olacaq: “Yerusəlim hələ heç vaxt indiki qədər bölünməmişdi və bu dərəcədə qeyri-stabil olmamışdı. Statusu isə heç vaxt indiki qədər mübahisəli deyildi. ABŞ səfirliyinin köçürülməsi heç nəyi dəyişməyəcək. Bunun əvəzinə ABŞ-ın İsrail-Fələstin probleminin həllində tutduğu aparıcı rolu qətl etmiş oldu”.

Tramp administrasyiası İsrail-Fələstin probleminin dinc yolla həllinə hesablanan sülh planı üzərində işlədiyini bir neçə dəfə bəyan edib.

ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ötən ay İsrailə ilk səfəri zamanı bəyan etdi ki, İsrail suverenliyinin sərhədləri və Qüds iki tərəf arasında danışıq predmeti olaraq qalmaqdadır.

Bu ilin yanvarında isə Donald Tramp bildirmişdi ki, Qüds məsələsi gündəlikdən çıxarılıb və ona görə də bu barədə artıq danışmırlar.

Fələstin rəhbərliyi Tramp administrasiyasının qərarını sərt tənqid etmişdi və o vaxtdan ABŞ rəsmiləri ilə əməkdaşlıq etmir.

“Birləşmiş Ştatların qərarı göstərir ki, tamamilə İsrailin tərəfindədilər. Və onları Fələstin əhalisinin hüquqları maraqlandırmır. Faktiki olaraq fələstinlilərə deyiblər – “Biz sizin dövlətlə bağlı arzularınızın gerçəkləşməsinn əleyhinəyik, sizin bu torpaqda hər hansı haqqınız yoxdur”. Fələstinliləri heç nəsiz qoydular”, – deyə fələstinli fəal Cavad Siyam bildirir.

Müsəlman dünyasının etirazına, hətta Roma Papası Fransiskin çağırışına baxmayaraq, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdı və Amerika səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair tapşırıq verdi.

Tramp bildirdi ki, bu addım həm Birləşmiş Ştatların İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinə yeni yanaşmasını simvolizə edir, həm də Qüdsün İsrailin paytaxtı olmasına dair mövcud reallığın etirafıdır. Trampın fikrincə, Qüdsün statusu məsələsini ertələməklə ABŞ problemin sülh yolu tənzimlənməsi istiqamətində heç nəyə nail olmayıb.

Həm israillilər, həm də fələstinlilərin paytaxt kimi görmək istədiyi Qüds hazırda bütünlüklə İsrailin nəzarəti altındadır. Qüdsün beynəlxalq hüquqi statusu heç vaxt sonadək müəyyənləşməyib. Beynəlxalq hüquqa görə şəhər BMT-nin nəzarəti altında olmalıdır. Bunun belə olmasını BMT Baş Assambleyasının 1947-ci ildə qəbul etdiyi qərar tələb edir.

Qüdsün statusu 1974-cü ilin noyabrında BMT Baş Assambleyasının 181 saylı qətnaməsi ilə müəyyənləşib. Qətnaməyə əsasən Qüds iki hissəyə ayrılmalı idi – yəhudi və ərəb dövlətinə. Lakin nə İsrailə, nə də Fələstinə məxsus olmamalı, beynəlxalq nəzarətə verilməli idi. Buna səbəb müsəlmanların, xristianların və yəhudilərin müqəddəs məkanlarının (Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Bura İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məsçidi də daxildir. Burada yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi də yerləşir) bu şəhərdə yerləşməsidir.

10 il sonra referendum keçirilməli və Qüds sakinləri tərəfindən şəhərin sonrakı statusu müəyyənləşməli idi. Lakin həm yəhudi, həm də ərəb tərəfində bu planın əleyhdarları vardı. Bugünədək dövlətlər Qüdsü nə İsrail, nə də Fələstinin paytaxtı kimi tanıyırdı. Bütün xarici səfirliklər isə Tel-Əvivdə yerləşirdi.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsində ən mübahisəli və kəskin məqamlardan biri hesab olunur. Şəhərin qərb hissəsi 1947-1949-cu illərdə ərəb-İsrail savaşı zamanı İsrail silahlı qüvvələri tərəfindən nəzarətə götürülüb. Savaşın nəticəsi olaraq şəhər İsrail və İordaniya tərəfindən iki hissəyə bölünüb. Və 49-cu ildə İsrail Qüdsü öz paytaxtı elan edib.

1967-ci ildə 6 gün davam edən savaş zamanı İsrail şəhərin şərq hissəsinə də nəzarəti ələ keçirib. İsrail hökuməti Qüdsü paytaxtı kimi qəbul edir, onun bütövlüyü və bölünməzliyində israr edir. Fələstinlilər isə bu fikirlə razı deyillər. Onlara görə, Şərqi Qüds gələcək Fələstin dövlətinin paytaxtı olmalıdır.

Trampın məlum qərarından bir neçə həftə sonra – dekabrın 22-də BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadığını bəyan edən qətnamə qəbul etdi.

Qərarları tövsiyə xarakterli olan Baş Assambleya belə hesab etdi ki, müqəddəs şəhər olan Qüdsün xarakterini, statusunu, demokrafik quruluşunu dəyişməyə yönələn istənilən addım hüquqi qüvvəyə malik deyil, etibarsızdır və ləğv olunmalıdır.

Qətnaməyə 128 dövlət səs verdi. Onların arasında Rusiya, Avropa və Latın Amerikası ölkələri, ərəb dövlətləri və İslam aləmində təmsil olunan ölkələr vardı. Sənədi dəstəkləməyən dövlətlərin sayı cəmi 9 olmuşdu – ABŞ, Qvatemala, Honduras, İsrail, Nauru, Marşal adaları, Mikroneziya, Toqo və Palau.

Aralarında Gürcüstan, Ukrayna, Keniya, Monqolustan, Moldova və Litvanın da olduğu 35 ölkə isə qətnmənin nə lehinə, nə də əleyhinə gedərək bitərəf qalmağa üstünlük vermişdi. Baş Assambleyanın növbədənkənar sessiyası Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılmışdı. Elə qətnamə layihəsinin müəllifi də bu iki ölkə idi. Sənəddə həmçinin dövlətlərə çağırış edilərək Qüdsdə diplomatik nümayəndəliklərini açmaqdan çəkinmələri də istənilirdi.

Həmin vaxt BMT baş katibi, həmçinin Fransa, Almaniya, Britaniya da Trampın qərarına qarşı çıxmış və bildirmişdilər ki, Qüds problemi iki tərəfin də iştirak etdiyi birbaşa danışıqlarda həll olunmalıdır.

Qayıdaq bugünkü mərasimə. Səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunub. Toqquşmalarda ən azı 50 fələstinli həlak olub, 2500-ü yaralanıb. Fələstinlilər digər diplomatik nümayəndəlikləri də açılış mərasimini boykot etməyə çağırmışdılar.

Qəzza zolağına toplanan etirazçılar İsrail hüquq-mühafizə orqanlarının silahlı müqaviməti ilə rastlaşıblar. İsrail hərbçiləri snayperlərdən atəş açıblar. Onlar addımlarının hüquq çərçivəsində olduğunu bəyan ediblər.

İsrail baş naziri Netanyahu da Qəzza zolağında etirazçıların dağıdılmasına haqq qazandırıb və bunu dövlət sərhədlərini qorumaq üçün tədbir adlandırıb.

“Amnesty İnternational” baş verənləri qınayaraq nümayişçilərin atəşə tutulmasını insan haqları və beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib.

Təşkilatın məlumatına görə, 500-dən çox nümayişçi güllə yarası alıb: “Gözümüz önündə beynəlxalq hüquq və insan haqları dəhşətli şəkildə pozulur. Ölənlər arasında uşaqlar və yeniyetmələr də var. Minlərlə insan Qəzza zolağında yaralanıb. Bu dəhşət dərhal dayanmalıdır!”.

Fələstin rəhbəri Mahmud Abbas etirazların davam edəcəyini, heç bir halda geri çəkilməyəcəklərinin bəyan edib. Və İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edildiyini açıqlayıb (Strateq.az)
15.05.2018 10:25:00
Oxuma sayı: 179