Aşıq Şəmşirin 125 illik yubileyi Sumqayıtda qeyd olundu - FOTOLAR
Ölçü:

Sumqayıt şəhərindəki M.Ə.Rəsulzadə adına kitabxanada Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş "Şəmşirəm, nə gözəl diyar oğluyam" adlı ədəbi-bədii gecə keçirilib.

Koordinat.az xəbər verir ki, "Dəlidağ" Ədəbi Birliyi və M.Ə.Rəsulzadə adına kitabxananın təşkil etdiyi tədbirdə ədəbi ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Ofelya Qafarova Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına, söz sənətinə verdiyi töhfələrdən danışıb. Daha sonra o, sözü tədbiriin aparıcısı, AYB və AJB-nin üzvü, şair-jurnalist Namiq Dəlidağlıya verib.

Namiq Dəlidağlı tədbirin mahiyyətindən və Aşıq Şəmşir saz-söz sənətinin qüdrətindən danışıb. Çıxışını şairin "Oğluyam" şeiri ilə davam etdirən natiq sözü filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyevaya verib.

Nailə xanım aşığın həyat və yaradıcılığından bəhs edən geniş məruzə ilə çıxış etdi. Sonra aparıcı sözünə davam edərək Dədə Şəmşirin Səməd Vurğunla tarixi görüşündən bəhs etdi. Bu görüşdən yaranmış məşhur deyişmə gənc aşıq Arif Qurbanovun ifasında dinlənilib.

Əməkdar elm xadimi, professor, "Şöhrət" ordenli Şahlar Əsgərov Dədə Şəmşirin yaradıcılığından, onun ədəbi mühitin inkişafındakı xidmətlərindən bəhs edib. Professorun Dədə Şəmşirin həyatı haqdakı köhnə fikirlərə yeni yanaşmanın vacib olduğunu vurğulaması fikri maraqla qarşılanıb.

Bədii qiraətçilər Mehrəngiz Qurbanova, İbrahim Qəniyev, Fəqan Cümşüdov, Nurgün Allahverdiyeva, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvü, qiraətçi Ayxan İmanov şairin şeirlərindən nümunələr söyləyiblər.

N.Nərimanov adına Mədəniyyət mərkəzində fəaliyyət göstərən, Elməddin Məmmədlinin rəhbərlik etdiyi "Pöhrə" aşıqlar ansamblının ifasında səslənən saz havaları tədbirə rəng qatıb.

Digər çıxışçılar- Ofelya Babayeva, Xatirə Fərəcli, Məryəm Aslanqızı, Günel Eyvazlı, Milli Daşqın Ziyəddinoğlu, AJB-nin Sumqayıt bölməsinin sədri, şair Rafiq Oday, "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, şairə Sevinc Qərib Dədə Şəmşirin saz-söz sənətindəki mövqeyindən, poeziyamıza və aşıq sənətinə verdiyi töhfələrdən danışıblar.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun, Kəlbəcərdən millət vəkili seçilmiş, Dədə Şəmşirin nəvəsi Cavid Qurbanovun salamını tədbir iştirakçılarına çatdırıb.

Həbib Misirov qeyd edib ki, ölkə başçısının sərəncamına əsasən hər il martın 15-i (Dədə Şəmşirin doğulduğu gün) saz-söz bayramı kimi qeyd olunacaq.

İctimai Birliyin əməkdaşı Həqiqət Şükürova da çıxışında Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlərin keçirilməsindən və bu tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Namiq Dəlidağlıya və kitabxananın müdiri Ofelya Qafarovaya "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi adından "Təşəkkürnamə" təqdim olunub.

Sonda Namiq Dəlidağlı tədbirdə iştirak edən qonaqlara və kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib.


13.05.2018 21:34:00
Oxuma sayı: 1057