Bakının abadlaşdırılması inhisarda – ƏSAS MƏSƏLƏ
Ölçü:


Azərbaycan məmurları  ən yüksək tribunalardan dəfələrlə bəyan ediblər ki, ölkəmizdə bütün sahibkarlıq subyektləri üçün bərabər şərait yaradılıb və bütün təsərrüfatçılıq sahələrində inhisarçılıqla barışmaz mübarizə aparılır.  Ancaq, görünür, inhisarçı şirkətlər bundan xəbərsizdirlər və öz  fəaliyyətlərini “nə istərəm, edərəm” prinsipi ilə necə gəldi həyata keçirərək,  rəqiblərini rahatlıqla bazardan sıxışdırıb çıxarırlar.

Koordinat.az xəbər verir ki, Bakı şəhərindəki parklarının abadlaşdırılması ilə bağlı haqqin.az-da yayımlanan məqalədə belə deyilir. Saytın əməkdaşının araşdırma yazısında sual olunur: Bakıda parkların salınması və abadlaşdırılması üzrə bütün dövlət sifarişlərini niyə yalnız “Bakı Abadlıq Xidməti” ASC alır? Məgər şəhər parklarımız belə əla vəziyyətdədir ki, bu işə başqa kimisə cəlb etməyə ehtiyac qalmır? Onda nəyə görə şəhərin yaşıllıq zonalarında ləngiyən “bərpa işləri”ndən, qanunsuz tikililərdən, dağıdılan uşaq meydançalarından, sındırılmış oturacaqlardan,  viran qoyulan çiçəkliklərdən bakılılar elə hey şikayətlənirlər?

Bu və ya digər sahədə özünü yaxşı göstərən və işlərin icrası üçün daha  sərfəli şərtlər təklif edən şirkətin müəyyənləşdirilməsi üçün keçirilən tenderlər inhisarçılıqla mübarizənin ən təsirli üsullarından biridir. “Haqqin.az”  aydınlaşdırıb ki, parkların abadlaşdırılması üçün tenderlərin keçirilməsi haqqında çoxdandır xəbər yoxdur. Bəs “Bakı Abadlıq Xidməti”nə Bakı parklarının bərpası və tikintisi ilə bağlı müstəsna hüququ kim və nə üçün verib?

Etiraf edirik ki, saytımız bunu öyrənə bilməyib – ASC-də bizimlə danışmaq istəmədilər, rəsmi orqanlar isə bizi başlarından elədilər.

Bakı İH-nin Yaçıllaşdırma Təsərrüfatı Birliyində isə məsələyə bir az aydınlıq, daha doğrusu, daha çox qeyri-müəyyənlik gətirdilər. Yaşılığa baxanlar izah etdilər ki, paytaxtın bütün parkları iki hissəyə bölünüb, onların əksəriyyəti “Bakı Abadlıq Xidməti”nin ixtiyarına verilib, qalanlarına da rayon icra hakimiyyətləri cavabdehlik daşıyır. Yaşıllaşdırma Birliyində təsdiq edirlər ki, məhz icra hakimiyyətləri onların ərazilərindəki parklara xidmət edəcək şirkətləri tender (!) vasitəsi ilə seçirlər. Və onlar da... doğrudur, “Bakı Abadlıq Xidməti”ni seçirlər. Başqası varmı?

Birlikdə dəqiqləşdirdilər ki, elə hazırda “Bakı Abadlıq Xidməti” Nərimanov rayonundakı parklardan birində bərpa işləri aparır. Düzdür, tender əsasında, ya yox – bunu heç kim bilmir.

Ancaq qəribəsi budur ki, rayonun özündə parkda nə bərpa işlərindən, nə də hansısa digər fəaliyyətdən xəbəri olan yoxdur. Nərimanov İH başçısının müavini Şahmar İbadov  “haqqin.az”a tam məsuliyyəti ilə bəyan etdi ki, “Nərimanov rayonu ərazisində heç bir “Bakı Abadlıq Xidməti” heç bir iş aparmır”.

Bütün bunlardan başqa, saytımıza bir mənbədən bildirildiyinə görə,  “Bakı Abadlıq Xidməti”  öz işçiləri ilə əmək müqaviləsi bağlamır.

Bu məlumatı dəqiqləşdirmək üçün  haqqin.az  Dövlət  Əmək Müfəttişliyinə müraciət edib və prinsipcə, indiki dövr üçün standart olan cavab alıb.

“İki ildən artıqdır ki, dövlət strukturlarına sahibkarlıq subyektlərində yoxlama aparmaq qadağan edilib. Ancaq şəxsən mən inanmıram ki, “Bakı Abadlıq Xidməti” ASC-də adamlar əmək müqaviləsi bağlamadan işləyirlər”, - deyə Əmək Müfəttişliyinin sektor müdiri Emil Allahverdiyev bildirib.

“Haqqin.az”  çox iri dövlət vəsaiti hesabına paytaxtın abadlaşdırılmasında inhisar hüququna iddia edən qeyri-adi təşkilatın fəaliyyətini araşdırmağa davam edəcək.

10.05.2018 11:08:36
Oxuma sayı: 19410