Aşıq Şəmşirin Heydər Əliyevə həsr etdiyi şerlər əsasında videoçarx hazırlanıb - FOTOLAR
Ölçü:


Bu gün "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Zərli tac kamallı başa yaraşır" adlı tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə ictimai birliyin sədr müavini Həbib Misirov edərək ulu öndərin hər kəs üçün örnək olan fəaliyyətindən, onun Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb.

Həbib Misirov qeyd edib ki, ötən əsrin 90-cı illərində ölkəmizdə yaranmış gərgin ictimai -siyasi durumdan xalqımız məhz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxıb, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas olub. İlin əvvəlindən görkəmli dövlət xadiminin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini xatırladan ictimai birliyin sədr müavini vurğulayıb ki, Ulu Öndərin zəngin irsi öyrənilir, haqqında kitablar yazılır, məqalələr dərc olunur: "Görkəmli dövlət xadimi Heydər Əliyev bütün mənalı həyatını, ömrünü xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmləndirilməsinə sərf edib. Bugünkü qüdrətli Azərbaycan da Ulu Öndərin şah əsəridir".

Həbib Misirov vurğulayıb ki, ötən əsrin 70-ci illərdəki inkişafını öz yaradıcılığında vəsf edən Aşıq Şəmşirin "Zərli tac kamallı başa yaraşır" kitabı da ümummilli liderin o zamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir.

Professor Şahlar Əsgərov isə ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı naminə gördüyü işlərdən, dövlətçilik fəlsəfəsindən söz açaraq, onun Azərbaycan dövlətçiliyilə bağlı söylədiyi məşhur sitatlardan nümunələr gətirib.

Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı, yazıçı –publisist Vəliyəddin İsmayılov
və digərləri görkəmli dövlət xadiminin tarixi xidmətlərindən danışaraq, onu Azərbaycan tarixinin ən böyük siyasi xadimi kimi dəyərləndiriblər.

Sonda Aşıq Şəmşirin Heydər Əliyevə həsr etdiyi şerlərin əsasında "Zərli tac kamallı başa yaraşır" videoçarxı nümayiş etdirilib.
08.05.2018 19:24:00
Oxuma sayı: 16690