Azərbaycan Avropa İttifaqında real dəstək gözləyir - Qarabağı işğaldan azad etmək üçün
Ölçü:


“Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd edilir".

Koordinat.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev deyib. Səfir bildirib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur. O qeyd edib ki,  NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da Azərbaycan torpaqlarının BMT-nin qətnamələri əsasında işğaldan azad edilməsini bəyan edir: "Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib. Bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.

Səfir bildirib ki,  Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir: "2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub. Nəticədə isə bir neçə Azərbaycan vətəndaşı həyatını itirib. 2014-cü ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri arasında 8 görüş baş tutub. Təəssüf ki, Azərbaycan torpaqlarının  işğaldan azad edilməsi istiqamətində real addımlar atılmayıb".

08.05.2018 10:13:00
Oxuma sayı: 919