Ekspert Azər Rəşidoğlu: “Putinin siyasi səviyyədə alternativi yoxdur”
Ölçü:



“Vladimir Putinin siyasi səviyyədə alternativi yoxdur”.

Bunu Koordinat.az-a Rusiyada baş qaldıran etirazların səbəbləri barədə danışarkən siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib.

Onun sözlərinə görə, hazırda sadə rus vətəndaşlarını iqtisadi problemlərdən çox, Rusiya hakimiyyətinin imperiya təfəkkürü narahat edir: “Bu gün rəsmi Moskva bütün dünyaya meydan oxuyur, rus qoşunları istənilən münaqişədə, hadisədə yer alır. Rusiya xarici siyasətində ciddi məğlubiyyətə uğramadığı təqdirdə Putin seçkilərdə qalib olacaq.

Rusiyada orta təbəqə tamamilə məhv edilməyib. Sərbəst düşünən ziyalı təbəqəsi zaman-zaman etirazlarını ifadə edir. Etirazların rəhbərinin kimliyindən asılı olmayaraq, narazılıqlar səsləndirilir. Halbuki, həmin şəxslərin nüfuzu Putininkindən az olduğuna görə, rəqabət imkanı zəifləyir.

Putin xarici siyasətdə ciddi məğlubiyyət yaşayacağı təqdirdə, ona qarşı aksiyalar daha şiddətli xarakter alacaq. Hələlik, bu aksiyaların prezidentin nüfuzuna təsiri yoxdur”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı başlayan etirazlarda müxalifət lideri Aleksey Navalni həbs edilib. O, həbs edildikdən sonra Tvitterdən etirazçılara davam etmələri barədə ismarıc göndərib.
07.05.2018 19:12:27
Oxuma sayı: 743