Onlayn sınaq imtahanı keçiriləcək
Ölçü:


Dövlət İmtahan Mərkəzi 2017-ci ilin buraxılış imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə,  9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər. Bildirilib ki, imtahanda iştirak etmək üçün 2 manat tələb olunur. Onlayn sınaq imtahanı vermək istəyənlər evi tərk etmədən rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı http://otk.az portalına yerləşdirilib.

11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. Şagirdlər yekun qiymətləndirmə, abituriyentlər isə kolleclərə və ya V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.
 
07.05.2018 16:03:17
Oxuma sayı: 750